Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin və Xəzər Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə rayonun bütün qəsəbələri, əsasən Binə qəsəbəsi, Əli İsazadə küçəsi əhatə olunmaqla qanunsuz küçə ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində birgə profilaktik tədbirlər keçirilib.
"Unikal" xəbər verir ki, keçirilən reydlər zamanı səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət halları Xəzər Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin əməkdaşları tərəfindən aşkarlanaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Eyni zamanda, qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə qurumların əməkdaşları tərəfindən izahedici söhbətlər aparılaraq xəbərdarlıq edilib və onlara belə halların təkrarlanacağı təqdirdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə protokol tərtib olunacağı bildirilib.
Bundan əlavə, piyadaların və nəqliyyatın hərəkətinə mane olan və ümumi görünüşə xələl gətirən standartdankənar reklam lövhələri səkilərdən, yol kənarlarından götürülərək ərazidən kənarlaşdırılıblar.
Qeyd edək ki, bu kimi reydlər rayon ərazisində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.