Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ermənistanın ətraf mühit naziri Hakob Simidyana məktub göndərib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, nazir qarşı tərəfdən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd Arazdəyəndə iri metallurgiya zavodunun tikintisini dayandırmağı tələb edib.
Məktubda bildirilir ki, Ermənistan və Azərbaycanın şərti sərhədindən bir neçə yüz metr aralıda yerləşən Arazdəyən kəndi yaxınlığında aparılan işlərin transsərhəd mənfi nəticələri ola bilər. "Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi" Konvensiyasına uyğun olaraq müvafiq prosedura başlanılıb.
Məktubda həmçinin konvensiyanın şərtləri xatırladılıb: "Ermənistan sözügedən fəaliyyətin ətraf mühitə təsiri barədə Azərbaycanı xəbərdar etməyə məcburdur. Lakin Azərbaycan bu layihə ilə bağlı Ermənistandan heç bir bildiriş almayıb".
Məsələ ilə bağlı BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş göndərilib.
Ağarza Elçinoğlu