"Ermənilərlə azərbaycanlılar arasında əlaqənin bərpası nəqliyyat kommunikasiyalarının açılması sayəsində baş verməlidir"
"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bildirib. Eyni zamanda o qeyd edib ki, Laçın yoluyla hərəkətin bərpası ilə yanaşı Qarabağın erməni əhalisinin məskunlaşdığı hissəsinin təchizatı üçün Ağdam-Xankəndi magistralından da istifadə oluna bilər.
"Şənbə günü sədr Mişel (Avropa İttifaqı Şurasının) Laçın dəhlizini yenidən açmağa çağırıb, Azərbaycan tərəfi isə humanitar yardımın Ağdamdan çatdırılmasına hazır olduğunu bildirib. Hesab edirəm ki, hər iki yol vacibdir. Laçın dəhlizi açılmalıdır və bu, gözləniləndir, baş verməlidir. Eyni zamanda, təchizatı Ağdamdan təmin etmək təklifi varsa, bu imkandan da istifadə etmək olar", - Ermənistanın Alpha News nəşri Klaardan sitat gətirir.
"Niyə Avropa İttifaqı yardımın çatdırılması məsələsində Azərbaycanın tərəfini tutur və Laçın dəhlizinin açılmasında israr etmir?" sualının cavabında Klaar deyib: "... Ermənilərlə azərbaycanlılar arasında nəqliyyat əlaqəni bərpa etmək lazımdır ki, bu da Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin açılması sayəsində baş verməlidir, sonra Ermənistandan daşımalara əlavə olaraq Stepanakertdən (Xankəndi) Ağdama humanitar yük daşınmalıdır. Əvvəl-axır bütün bunlar baş verməlidir. Əks halda, əgər əlaqə olmasa, sülhü necə bərqərar edə bilərik, barış üçün gerçək addımları necə ata bilərik? Bununla əlaqədar emosiyaları başa düşürəm. Biz çox aydın şəkildə bildirdik ki, Laçın dəhlizini açmaq lazımdır. Amma eyni zamanda, hesab edirəm ki, Laçın dəhlizilə yanaşı istənilən təklifdən, Laçın dəhlizinə alternativ kimi yox, ona əlavə olaraq istifadə etmək lazımdır".