"Hansı icra başçılarının vəzifədən azad oluna biləcəyi ilə bağlı heç bir məlumatım yoxdur. Ona görə ki, bu cənab Prezidentin müstəsna hüququdur. Təbii ki, icra hakimiyyətlərindən narazı olanlar da var".
Bunu "Unikal"a açıqlamasında deputat Razi Nurullayev deyib. Onun sözlərinə görə, yanaşma ondan ibarətdir ki, hansısa icra başçısı işdən azad olundu, onun yerinə gələn yaxşı olacaq.
"Bu yanaşmaların özündə də müəyyən çatışmazlıq var. Başqa yanaşma olmalıdır ki, o sistem işləsin. İcra hakimiyyəti sovetdən qalma sistemdir. Yanaşmam bundan ibarətdir ki, məsələlər strukturda deyil. Struktur idarəetməni yaxşılaşdırmaq, yeniliklər gətirmək üçündür. Amma insanların dəyişməsi islahat deyil. Bir icra başçısı getdi, başqası gəldi, o da nələri edə biləcək? Düşünürəm ki, müəyyən açılımlar olmalıdır. Məsələn, icra başçısı balaca bir rayona təyin olunur. Oraya investisiyanı haradan gətirəcək, nə cür şərait yaradacaq? İnsanların çoxu rayonlara sərmayə qoymaq istəmir. Hamı Bakıda yaşamaq istəyir"
Deputat qeyd edib ki, icra hakimiyyətlərindən böyük gözlənti yaratmaq yanlışdır:
"Onlardan narazılıq yaradan isə bəzən insanların haqlı şikayətlərinin qulaqardına vurulmasıdır. Əsas narazılıq yaradan sosial məsələlərlə bağlıdır. Amma sosial məsələni də icra hakimiyyəti həll etmir. Tutaq ki, 3-5 nəfərə yardım verə bilər. İcra hakimiyyətləri yardım paylayan orqan deyil. Amma hamı icra hakimiyyətindən yardım gözləyir. Evinin damının düzəldilməsini, ona yeni ev tikilməsini, yol, işıq, qaz və s. istəyir. İcra hakimiyyətlərindən narazılğı yaradan vətəndaşlardan gələn şikayətlərin düzgün araşdırılmaması və onlara lazımi cavabın verilməməsidir. Ona görə də paytaxta minlərlə məktub gəlir. Rayonda həll oluna biləcək məsələ Bakıya gəlib çıxır. Bunlar icra hakimiyyətləri haqqında mənfi rəy yaradır".
Anar Kəlbiyev