"Bu gün Naxçıvanda Əshabi-Kəhf adlanan məkanda xürafatın, cahilliyin bir neçə fraqmentini müşahidə etdim". 

"Unikal" xəbər verir ki, bunu Millət vəkili Fazil Mustafa feysbuk səhifəsində yazıb. 

Deputat qeyd edib ki, 21-ci əsrdə baş verən cahillik 22-ci, 23-cü əsrlərdə də təkrarlanacaq: "Bir qrup qayanın altına doluşub başına yaş damcı düşməsini gözləyir, digər qrup əlini bir maketə sürtüb nəyisə Allahdan diləyir. Başqa biriləri bir yaylıq asılan oyuğa yığışıb daş tullayırlar ki, görəsən niyyətləri yerinə yetəcəkmi?! Biriləri də qayanın altındakı oyuqda divara daş yapışdırmağa çalışırlar. 

Ən maraqlısı isə bir neçə yekəpər qadının iri qaya parçasının arasındakı dar oyuqdan keçmə yarışı idi. Arada fasilə verildi, çünki bir gombul qadın oyuqda ilişib qalmışdı. Hələ buraya 100 metrlik məsafəni sürünmə üsulu ilə qət etməyə çalışan, qızıl ziynət əşyalarını nəzir qutusuna salmağa çalışan insanlarımızın da olduğunu nəzarətçilər söyləyirlər. Bunlar hamısı 21-ci əsrdə baş verir. Tam əmin olun: 22-ci, 23-cü əsrdə də eyni cür olacaq. Bütün bunlar həm də bizim yaşadığımız ənənəvi dinin atributlarıdır. Buradan çıxıb yaxşı ki, millətin işıq gələn, aydınlıq saçan nadir sayda məkanlarımdan birinə, yəni Cavidin məzarına üz tutub xeyli düşünməli oldum. Bu qaranlığa, cahilliyə düşkün bir çoxluğu hara daşımaq mümkündür"?