Rusiya Federasiyası, Azərbaycan və Ermənistan növbəti görüşlərin hazırlanması üzərində işi davam etdirəcəklər, 2023-cü ildə üç ölkə liderlərinin sammiti planlaşdırılır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli danışıqların yekunlarına dair Rusiya XİN-in saytında dərc olunan şərhində deyilir .
“Biz növbəti görüşlərin, o cümlədən bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti sammitinin keçirilməsi planlarının hazırlanması üzərində gərgin işi davam etdirəcəyik”, - o bildirib.
Rusiya tərəfi də parlamentarilər vasitəsilə üçtərəfli dialoqa başlamağı təklif edib.
Rusiya xarici işlər nazirinin sözlərinə görə, Moskva sülh müqaviləsinin imzalanmasının Bakı ilə İrəvan arasında böyük danışıqlar prosesinin kulminasiya nöqtəsi olacağını gözləyir.
“Biz gözləyirik ki, bu sazişin imzalanması ermənilərin və azərbaycanlıların Rusiya prezidenti Vladimir Putinlə üçtərəfli görüşləri zamanı başlanmış səyləri altından xətt çəkəcək böyük danışıqlar prosesinin kulminasiya nöqtəsi olacaq”.
Ermənistan başa düşür ki, Dağlıq Qarabağ ermənilərini mümkün qədər tez Azərbaycan nümayəndələri ilə görüşməyə razı salmaq lazımdır, Lavrov əlavə edib.
“Ermənistan tərəfi müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən (indiki halda Azərbaycandan), o cümlədən milli azlıqların hüquqlarının təmin edilməsinə dair çoxsaylı konvensiyalardan irəli gələn hüquqlar barədə razılığa gəlmək üçün Dağlıq Qarabağ ermənilərini mümkün qədər tez Azərbaycan nümayəndələri ilə görüşməyə inandırmağın zəruriliyini başa düşür”, - o deyib.
Lavrov həmçinin vurğulayıb ki, Bakı və İrəvan öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə “qarşılıqlı əsasda hazırdır”.
Rusiya XİN başçısı həmçinin qeyd edib ki, Moskva Ermənistan və Azərbaycana qarşılıqlı məqbul həll yollarının axtarışında yardım etmək istəyən ölkələrin istəyini alqışlayır, lakin KİV-də gözəl başlıqlar xatirinə kənardan süni razılaşmalar tətbiq edilməməlidir.
"Biz Bakı və İrəvana razılıq əldə etməkdə səmimi maraq göstərənlərin, bizim kimi bu istiqamətdə fəaliyyət göstərənlərin istəyini alqışlayırıq. Amma erməni və Azərbaycan xalqlarının maraqlarına əsaslanaraq deyil, mətbuatda gözəl manşetlər üçün, geosiyasi və daxili siyasi mülahizələrə görə, süni şəkildə müəyyən razılaşmaların tətbiqinə cəhdlər olmamalıdır", - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.