"Dərhal Azərbaycana dəymiş zərərin ödənilməsinin Ermənistandan tələb edilməsi mərhələsinə başlanılmalıdır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, yerli və xarici mənbələrdə olan datalar əsasında hesablamalarına görə, Ermənistanın Azərbaycana vurduğu ümumi zərər 1 trilyon dolları ( + 100 milyard dollar) keçib:
"Azərbaycan vaxt itirmədən bu təzminatın ödənilməsini beynəlxalq təcrübəyə əsasən tələb etməlidir. Həm də təkcə Ermənistandan deyil, ona havadarlıq edənlərdən istəməlidir. Əgər bu dövləti və milləti (millət demək olarsa) belə çox sevirlərsə, o zaman vurduğu zərərə də sahib çıxmalıdırlar. Əgər zərəri ödəməyə imkan yoxdursa, əvəzini torpaqla ödəsinlər. Ölkənin ölkəyə torpaq satmaq təcrübəsi mövcuddur. Arazdan şimala doğru Azərbaycana versinlər. Həm də Erməninstanda olan torpaq qiymətinə yox, Parisdə olan qiymətlərlə də sata bilərlər. Ona görə ki, 1 trilyon dollara 10 Ermənistan almaq olar".
İqtisadçı qeyd edib ki, Azərbaycan bütün istiqamətlərdə hücum diplomatiyasını tətbiq etməlidir: "Təbii ki, Ermənistanın nə o qədər pulu, nə də yiyəsi yoxdur. Amma proses beynəlxalq səviyyədə başlanılmalı və bütün mümkün təzyiqlər işə salınmalıdır".