“Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra, kifayət qədər səylərin olmaması ilə bağlı Rusiyaya qarşı hər hansı ittihamları ikiqat yersiz görünəcək”.
“Unikal” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi zonada təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfə dəfələrlə ən yüksək səviyyədə qeyd edilib və vəziyyətin normallaşdırılması üçün onun fəaliyyətinin vacibliyi vurğulanıb.
“Ona görə də bütün bunları şübhə altına almaq cəhdləri böyük suallar doğurur. Bu niyə edilir? Ümumiyyətlə, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra, Rusiyaya qarşı səylərin olmaması ilə bağlı hər hansı iddialar ikiqat yersiz görünəcək”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən açıqlamasında bildirmişdi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələsində Rusiyanın danışıqlardakı fəallığı azalıb.
Nuranə Abbasova