Qarabağda yaşayan ermənilərin Laçın sərhəd-keçid məntəqəsinin qarşısında aksiya keçirəcəklərinə dair məlumatlar yayılıb. Onların aksiyaya hazırlıq işləri gördükləri bildirilir.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, bu kimi təxribatlar vəziyyətin gərginləşməsinə xidmət edir:
“Separatçılar bir tərəfdən deyirlər ki, guya vəziyyətləri ağırdır, yanacaq qıtlığı var. Digər tərəfdən isə bu kimi təxribatlara hazırlaşırlar, insanları avtobuslara doldurub Laçın sərhəd-keçid məntəqəsinin qarşısına gətirərək etiraz aksiyası keçirmək istəyirlər. Belə olan halda onların dedikləri ilə əməlləri arasında uyğunsuzluq yaranır.
Hesab edirəm ki, ermənilər heç Laçın sərhəd-keçid məntəqəsinə yaxınlaşa da bilməyəcəklər. Onlar Şuşa yolundakı Rusiya sülhməramlılarının postlarında saxlanılacaqlar. Ruslar təhlükənin miqyasını ermənilərə izah edəcəklər və onları yarı yoldan geri qaytaracaqlar.
Onu da qeyd edim ki, Laçın sərhəd-keçid məntəqəsinə yaxınlaşmalarına dair ehtimal olsa, bunun qarşısı çox ciddi şəkildə alınacaq. Onsuz da biz həmin separatçıları 2 il ərzində tərk-silah etməliyik. Onlarla birlikdə rus hərbi kontingentini də evlərinə yola salmalıyıq.
Əlbəttə ki, hazırkı vəziyyətdə təxribatların miqyası artarsa, biz anti-terror əməliyyatını daha tez müddətdə həyata keçirməli olacağıq”, - deyə o qeyd edib.
Murad İbrahimli