"Blokada bəyanatı çox gülünc görünür. Hər gün Laçın sərhəd-buraxılış məntəqəsindən onlarla erməninin keçdiyini görürük. Onlar heç də ac adama oxşamırlar".
Bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, azərbaycanlı blogerlər vaxtaşırı Xankəndidə olan restoranlara zəng edərək şam yeməyi üçün sifarişlər verirlər və onlar isə məmuniyyətlə istənilən süfrəni hazırlaya biləcəklərini qeyd edirlər:
"Əgər blokadadırsa, necə onların kafe və restoranları işləyir? Digər tərəfdən, blokadada olan humanitar yardıma açıq olmalıdır. Azərbaycan “Ağdam-Xankəndi” yolunu təklif edir. Qısa zamanda həmin bölgəni ərzaq, dərman və s. ilə təmin etməyə hazır olduğunu bildirir. Göründüyü kimi onlara problemin həlli yox, situasiyanın guya pis olması barədə rəy lazımdır. Azərbaycan tərəfi real şəkildə həmin zonada olan hər hansı problemin həllinə hazırdır. Azərbaycanın təklifi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən də dəstəklənib".
Deputat qeyd edib ki, Ermənistanın humanitar yüklü təxribatı iflasa uğrayıb: "Onlar Laçın sərhəd-buraxılış məntəqəsinə gəldikləri yük avtomobillərini geri döndərə bilmirlər. Ermənistanın infrastrukturu o qədər geridə qalıb ki, onlar geriyə dönmək istəsələr də texniki cəhətdən çətinlik çəkirlər. Onlar özlərinə problem yaradırlar. Azərbaycan yenə də təklifini qüvvədə saxlayıb, məsələyə öz dəstəyini göstərir. Bununla belə orada hər hansı humanitar fəlakətdən söhbət gedə bilməz. Belə ki, sosial şəbəkələrdə erməni blogerlər həmin ərazidə yaşayanların kifayət qədər ehtiyatının olduğunu bildirirlər".
Anar Kəlbiyev