"Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirik".
"Unikal" xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian media nümayəndələri ilə görüşündə Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror hücumundan danışarkən deyib.
Onun sözlərinə görə, İran ədliyyə sistemi hadisənin ölçülərini araşdırıb.
Nazir bu yaxınlarda İran Baş prokurorunun müavininin Azərbaycana səfər etdiyini diqqətə çatdırıb.
“Azərbaycan Respublikasının İrandakı səfirliyində baş vermiş insidentdə bir çox qeyri-müəyyənliklər olub. Bu, şəxsi qisas xarakteri daşısa da, diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirik. Bundan başqa, bütün dövlətlər diplomatik məkanların və şəxslərin qorunmasına cavabdehdirlər, lakin müasir dünyada belə hadisələr heç də bir ölkənin səfirliyinin bağlanmasına səbəb ola bilməz. Ümid edirik ki, tezliklə bu işlə bağlı məhkəmə qərarı veriləcək. Bizim məhkəmə müstəqildir. Məhkəmənin hökmündən və İranla Azərbaycan arasında əlaqələrin bərpasına maneə aradan qaldırıldıqdan sonra növbəti addımlar atılacaq”, - XİN rəhbəri qeyd edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktından sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb.