15 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən "Unikal"a bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan və Rusiya arasında mövcüd əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə zidd olaraq, Azərbaycana qarşı hərbi-siyasi təxribatlarını intensivləşdirməsinin iki ölkə arasında mövcud normallaşma prosesinə ciddi zərbə vurduğunu diqqətə çatdırıb.

Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın, erməni sakinlərin təlabatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneəçilik törətdiyi bildirilib.

Nazir Sergey Lavrov, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla təsbit olunmuş öhdəliklərə sadiqliyin vacibliyini qeyd edib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

19:09

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı XİN rəhbərləri beynəlxalq və regional gündəliyin ən aktual məsələlərinə dair fikir mübadiləsi aparıb.

Qarabağ ətrafındakı vəziyyətin tezliklə de-eskalasiyasına, o cümlədən Laçın yoluna dair tərəflər arasında müzakirələr aparılıb.

Bakı-İrəvan münasibətlərinin davamlı normallaşmasına nail olmaq üçün üçtərəfli razılaşmaların icrasının vacibliyi vurğulanıb.