“BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi 25 il bir masa üzərində qaldı, onların həyata keçirilməsi təmin edilmədi. Azərbaycan torpaqları işğal altında olanda BMT Təhlükəsizlik Şurası bir dəfə də olsun Qarabağ mövzusu haqqında danışmadı. İndi isə ermənilərin manipulyasiyası, dezinformasiyası əsasında BMT Təhlükəsizlik Şurasının bir toplantısı keçirilə bilər və Azərbaycanın orada deyəcəyi çox sözlər var”.
“Unikal” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Prezidentin köməkçisi qeyd edib ki, qardaş Türkiyə də bu toplantıya qatılacaq.
“Azərbaycan və Türkiyə bir daha haqlı mövqelərini ortaya qoyacaqlar. Yəni, bu mövzuda qardaş Türkiyənin dəstəyini çox yüksək qiymətləndiririk. Ümid edirik ki, ermənilərin bu təxribatlarına və manipulyativ addımlarına da son qoyulacaq”, - deyə H.Hacıyev əlavə edib.