Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur.
"Unikal" xəbər verir ki, AZƏRTAC Macarıstan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf yoluna qısa nəzər salıb.
Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Keçən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
Bu il yanvarın 29-30-da Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə dost ölkəyə rəsmi səfəri əməkdaşlığın inkişafında yeni səhifə açdı. Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana sayca dördüncü səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdi. Səfər çərçivəsində mühüm sənədlər imzalandı. Həmin sənədlər arasında ən əhəmiyyətlisi Azərbaycanın dövlət başçısı və Macarıstanın Baş naziri tərəfindən imzalanan Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə idi. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqları olunmuşdu. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanıb.
Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda Macarıstan investisiyalı şirkətlər əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərir.
İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.
Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Dost ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda ötən il dekabrın 17-də Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş mühüm yer tutur. Həmin Sazişdən irəli gələrək qeyd olunan ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin icrası istiqamətində səylər uğurla davam etdirilir. Qeyd edək ki, bu layihənin icrası region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsi, eləcə də xüsusən Xəzər dənizin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialı sayəsində Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi mühüm rol oynayacaq.
İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviareyslər həyata keçirir. Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq prosesində artıq fəaliyyətə başlayıb.
Azərbaycanla Macarıstan arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri inkişaf edir. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərə təqaüd verilir. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.
Azərbaycan ilə Macarıstan Türk Dövlətləri Təşkilatı (TDT) və digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir. 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın paytaxtı Budapeştdə TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Macarıstanın Baş naziri Viktor Orban 2018-ci ildəki bəyanatında bildirmişdi ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə əsaslanır.