Dövlət Gömrük Komitəsində vakant vəzifələrin şəffaflıq və obyektivlik prinsipləri əsasında tutulması məqsədilə təşkil edilən 2-ci daxili müsabiqənin beynəlxalq təcrübədə tətbiq olunan "Assessment Center" (Qiymətləndirmə Mərkəzi) sisteminə uyğun olaraq yarımfinal mərhələsi keçirilib.
"Unikal" xəbər verir ki, müsabiqə gömrük orqanlarında karyera inkişafı və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması ilə yanaşı, vəzifə yüksəlişində müvafiq standartların və dəyərlər sisteminin formalaşdırılmasına, gömrük sistemində çalışan potensiallı və müvafiq səriştələrə malik kadrların müəyyənləşdirilməsinə, vakant vəzifələr üzrə kadr ehtiyaclarının ödənilməsinə imkan yaradacaq.
Müsabiqənin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov tədbirin gömrük orqanlarının kadr potensialının gücləndirilməsi, əməkdaşların karyera yüksəlişi baxımından əhəmiyyətindən bəhs edib, iştirakçılara uğurlar arzulayıb.
Müsabiqədə iştirak etmək üçün 388 gömrük əməkdaşı müraciət edib. 2 mərhələdən uğurla keçən 105 gömrük əməkdaşı yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, yarımfinal hər biri 3 tapşırıqdan ibarət 2 mərhələdən ibarət olub. Cavablar ixtisaslı ekpert qrupu tərəfindən vahid, dəqiq və reqlamentləşdirilmiş təlimat əsasında qiymətləndirilib.
Xatırladaq ki, müsabiqəni uğurla başa vuran iştirakçılar müvafiq vakant vəzifələrə təyinat alacaqlar.