Sosial şəbəkələrdə Xəzər dənizində suitinin insanlara hücum etməsi ilə bağlı görüntülər yayılıb.

“Unikal” xəbər verir ki, görüntülər geniş müzakirələrə səbəb olub. Bəziləri bunun təhlükəli olduğunu, digərləri isə əksinə, suitinin zərərsiz olması fikrini səsləndirib. 

Məsələ ilə bağlı “Report”a danışan Zoologiya İnstitutunun elmi işçisi, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib ki, təşvişə düşmək lazım deyil:

“Xəzər dənizində çimərlikdə suitinə rast gəlinməsi bəzi insanlar arasında təşvişə səbəb olub. Xüsusi olaraq qeyd edim ki, suiti insan yemir, onlar yalnız balıqlarla qidalanır və bu o deməkdir ki, insana hücum etmə hadisəsi yoxdur. Xəzər suitisinin arealı digər suitilərin arealından milyonlarla il əvvəl ayrılıb və hazırda izolyasiya şəklində yalnız Xəzər dənizində rast gəlinir. Öz xırda ölçülərinə görə bu növ hətta Ginnesin Rekordlar kitabına salınıb. Bu növün sayı XX əsrin əvvəllərində daha çox olmuş və bəzi elmi məlumatlara görə hətta milyondan çox olub. Əsrin sonunda isə onların sayı artıq 3-4 dəfə azalıb. Buna səbəb xəstəliklər, suların çirklənməsi, yem ehtiyatının tükənməsidir”.