Lənkəranda övladlığa verilən qızın qaçırılması barədə məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev "Unikal"a bildirib ki, sosial şəbəkələrdə azyaşlının qaçırılması ilə bağlı yayılan iddialar araşdırılıb: “Tərəflər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət olunaraq dinlənilib. Azyaşlı Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasının əməkdaşları və psixoloqun iştirakı ilə verdiyi izahatda könüllü şəkildə bioloji anasının yanına getdiyini, onu övladlığa götürən T.Əliyevanın yanına qayıtmaq istəmədiyini bildirib”.
Araşdırmalarla əməldə kriminal tərkibin olmadığı müəyyənləşib. Toplanmış material baxılması üçün aidiyyəti üzrə Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasına göndərilib.
***13:33
Lənkəranda övladlığa verilən qız qaçırılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, sosial şəbəkədə paylaşılan həmin məsələdən məlumatlıdırlar.
Verilən məlumata görə, iddialar araşdırılır, nəticəsi barədə məlumat veriləcək.
*** 10:46
“Lənkəranda illər əvvəl notarial qaydada uşaqdan imtina yazılıb. Övladlığa verilmə prosesi məhkəmə yolu ilə həyata keçirilib. Gözəl bir ailə formalaşıb. İndi isə məxfilik pozulub və uşaq qaçırılıb”.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook"da yazıb. Onun sözlərinə görə, 15 yaşlı qızı bioloji ana və qohumları qaçırıblar:
“Qıza nə ediblərsə, qız rəsmi anaya dönmür. Uşaq övladlığa götürən ailənin ad, soyadında... Qonşular uşağın məcburən saxlandığını iddia edirlər. Məxfiliyin pozulması cinayət tərkibi yaradır. Uşağın qaçırılması da cinayət tərkibi yaradır. Uşağın başına nə gələcəyi min bir fikir yaradır. Rəsmi ailə yalvarır. Uşaq təzyiq altında “getmirəm” deyir”.