Oktyabrın 6-da Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqqları Şurasında İslamın müqəddəs kitabı Qurana qarşı hücumlar müzakirə olunacaq.

"Unikal" xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 54-cü növbədənkənar sessiyası işə başlayıb.

Sessiyada BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk, Çexiyanın BMT-dəki daimi nümayəndəsi Vaclav Balek, Türkiyənin BMT təmsilçisi Güven Begeç, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Cenevrə nümayəndəsi Kamal Köprülü və digər ölkələrdən qonaqlar iştirak edib.

Yığıncağın açılış nitqində BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk deyib: “Bütün dünya insanları normal həyat standartları ilə yaşamaq istəyir və buna haqları var.

Resurslar ədalətli bölüşdürülərsə insanların qidaya çıxış, əlverişli tibbi xidmət, təhsil və imkan bərabərliyi, təmiz ətraf mühit, yaxşı iqtisadi vəziyyət kimi gözləntiləri gerçək olar.

2023-cü ildə Aralıq dənizində 2300-dən çox adamın öldüyü və minlərlə insanın itkin düşdüyü, iyun ayında Yunanıstan sahillərində baş verən tək gəmi qəzasında 600 nəfərdən çoxunun həyatını itirməsi, La-Manş boğazı da daxil olmaqla, Avropanın ətrafındakı dənizlərdə çox sayda miqrant və qaçqının diqqətdən kənarda qalmasına laqeydlik adamı şok edir.  

Rusiya ilə 2022-ci ilin fevralından bəri davam edən müharibə Ukraynanı fəlakətə sürükləyib.

Rəsmi Moskvanın 2023-cü ilin iyul ayında Qara Dəniz Taxıl Sazişindən çıxması, Odessa (Ukraynada) və başqa yerlərdəki taxıl obyektlərinə hücumları bir çox inkişaf etməkdə olan ölkələrdə qiymətlərin yenidən sürətlə artmasına səbəb olub. Bu yerlərdə insanlar üçün ərzaq əlçatmazlığa yüksəlib.

Bəzi Avropa ölkələrində Quran yandırma hadisələri cəmiyyətlər və ölkələr arasında parçalanmaya səbəb olub. Ona görə də oktyabrın 6-da 53/1 saylı qərara əsasən bu məsələni ətraflı müzakirəyə çıxaracağıq.

Daha yaxşı siyasət və sistemlər qurmaq üçün tənqidi, yenilikçi və konstruktiv fikirlərə ehtiyac var”.

  Qeyd edək ki, BMT İnsan Haqqları Şurasının 54-cü növbədənkənar sessiyası oktyabrın 13-dək davam edəcək.