Norveç kralı V Haraldın və Kraliça Sonyanın böyük qızı şahzadə Marta Luiza və özünü "şaman” adlandıran afro-amerikalı nişanlısı Durek Verret 2024-cü il avqustun sonunda evlənməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə "Agence France-Presse" cütlüyün bəyanatına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, toy 2024-cü il avqustun 31-də Norveçin Geiranger kəndində YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş eyniadlı fyordun sahilində baş tutacaq.

Qeyd olunur ki, kral cütlüyü və Norveçin vəliəhdi, Marta Luizanın qardaşı Haakon gələcək ər-arvadı təbrik edərək "Durek Verretti ailələrinə qəbul etməkdən məmnun olacaqlarını" bildiriblər.

Daha əvvəl bildirilmişdi ki, Marta Luiza Verretlə nişanlandığı üçün kral ailəsinin üzvü kimi rəsmi vəzifələri yerinə yetirməkdən imtina edib. Toydan sonra Verret kral ailəsinin üzvü olacaq, lakin titul almayacaq.

Nuranə Abbasova