Azərbaycanın cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərə baxmayaraq, Ermənistan və onun Azərbaycanın suveren ərazilərində qurduğu qondarma rejim normallaşma prosesinə xələl gətirməyə və gərginliyin azaldılmasına yönəlmiş bütün təklifləri rədd etməyə davam edir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün bölgədə son vəziyyətə dair keçirilmiş brifinqdə bildirilib.
Qeyd edilib ki, əksinə, Azərbaycan qarşı tərəfin israrla davam etdirdiyi təxribatçı addımlarla üzləşir: “Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” bunun bariz nümunəsidir. Azərbaycanın bütün mesajlarına baxmayaraq, Ermənistan tərəfi öz yolundan dönmədi. Türkiyə, Pakistan, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Moldova, Rumıniya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Almaniya, ABŞ, İran, habelə Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar bəyanat verərək qondarma və qanunsuz “seçkiləri” pisləyib, onun legitimliyini tanımayıb. Fürsətdən istifadə edərək, beynəlxalq hüququ dəstəkləyən və Ermənistan tərəfinin bu qanunsuz, qeyri-legitim və təxribat xarakterli addımına qarşı açıq şəkildə çıxış edən bütün dövlətlərə və beynəlxalq təşkilatlara təşəkkür edirik”.