Kosovanun daxili işlər naziri Xhelal Sveçla Serbiya prezidenti Aleksandr Vuçiç icazəsiz Kosovoya gələrsə, onun saxlanılacağı barədə xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, yerli televiziyalardan biri Vuçiçin "tezliklə Kosovaya gedəcəm və bunun üçün ölkənin baş nazirindən icazə almağıma ehtiyac yoxdur" deməsini şərh edib. 

Sveçla Serbiya prezidentinin Kosovoya icazəsiz daxil olacağı təqdirdə saxlanılıb-saxlanmayacağı ilə bağlı sualı belə cavablandırıb:

"İcazəsiz Kosovoya gəlsə, bəli, şübhəsiz saxlanılacaq. Sizcə, xarici vətəndaş Kosovo Respublikasına icazəsiz necə girə bilər. Nəticələri nədir? Məsələ ondadır ki, əgər başqa dövlətin başçısı sizin əraziyə icazəsiz daxil olarsa, sizin dövlətiniz yoxdur deməkdir”. -deyə bildirib. 

Sveçla həmçinin deyib: “Vuçiçin icazəsiz Kosovoya gələcək qədər dəli olduğuna inanmıram”. 

Qeyd edək ki, Serbiya Prezidenti Vuçiç, keçən həftə Brüsseldə AB, Serbiya və Kosovo arasında keçirilən Belqrad-Priştina Dialoq Toplantısından sonra mətbuata verdiyi açıqlamada, ona "demokratik icazə" verilən kimi Kosovoya gedəcəyini və bunu Kosovo Baş naziri Albin Kurtidən soruşmayacağını, Kosovodakı serblərdən soruşacağını bildirib.

Cavabında Kurti bəyan edib ki, Vuçiç ziyarətə icazə istəyərkən bunu son dərəcə ciddi və səmimiyyətlə təhlil edəcək.