Ermənistan hökumətin istefası tələbi ilə keçirdiyi aksiyada yenidən təxribat xarakterli fikirlər səsləndiriblər. Ermənistanın birinci baş naziri Vazgen Manukyan Sünik sakinlərini silahlanmağa və özünümüdafiə dəstələri yaratmağa çağırıb.

"Unikal" xəbər verir ki, o, bu barədə İrəvanda keçirilən mitinqdə bildirib.

"Orduya güvənmək lazım deyil. O, güclüdür, amma ondan istədiyi kimi istifadə edən adamın əlindədir. Özünüzü silahlandırın və ölkəni müdafiə edin və burada biz hökuməti dəyişməyə və bununla da ordunu qorumağa çalışacağıq”, - Manukyan qeyd edib.

Manukyanın sözlərinə görə, Paşinyan bütün müttəfiqləri ilə münasibətləri korlayıb və o, hakimiyyətdə olduğu müddətdə indiki vəziyyəti düzəltmək mümkün deyil.

Qeyd edək ki, artıq iki gündür ki, İrəvanın mərkəzində etiraz aksiyaları keçirilir. Etirazçılar hakimiyyətin Qarabağla bağlı siyasətindən narazıdırlar və baş nazir Nikol Paşinyanın və onun bütün komandasının istefasını tələb edirlər.