Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 27 Sentyabr“Anım Günü” qeyd olunub.
"Unikal" xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutdan sonra ATMU-nun rektoru İlham Mədətov erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsinin başlandığını, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda rəşadətli əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın böyük əzm və iradə, birlik və həmrəylik nümayiş etdirdiyini detallı faktlarla diqqətə çatdırıb.
Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında beli qırılan məkrli düşmənin təxribatlara əl atdığını, günahsız mülki insanları hədəf aldığını deyib. Rektor İ.Mədətov II Qarabağ müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərədək hərbi qulluqçusunun həlak olduğunu, onlarla igid oğullarımızın itkin düşdüyünü, min nəfərdən artıq hərbi qulluqçumuzun isə yaralanıb, sağlamlığını itirdiyini ürək ağrısı ilə qeyd etdi. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin uzaqgörən xarici və daxili siyasəti, əsgər və zabitlərimizin rəşadəti, şəhid və qazilərimizin təmənnasız vətən sevgisi sayəsində 30 il həsrətdə qalan doğma vətən torpaqlarının düşmən əsirliyindən azad olunduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov yeni nəsil gənclərimizin 30 illik vətən həsrətinə 44 gün ərzində son qoyduğunu fəxrlə qeyd edib. “Heç bir müharibə itkisiz deyildir, lakin bu gün igid oğullarımız, vətən uğrunda canından keçən, unutmağa, unutdurmağa haqqımız olmayan şəhidlərimiz sayəsində Azərbaycan xalqı qələbə sevincinin nə olduğunu gördü və yaşadı”. M.Muradov Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramını bildirdi. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Azərbaycan Respublikasının “Cəsur Döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilənlərdən biri - ATMU məzunu Anar Mahmudov 44 günlük döyüş yolundan söz açdı. Vətən naminə lazım gələrsə canından belə keçməyə hazır olduğunu bildirib.
Qeyd etmək lazımdır ki, Universitetin Biznes idarəçiliyi fakültəsinin “Menecment” ixtisasının məzunu Məhəmmədəli Həsənzadə 2020-ci il noyabr ayının 6-da Xocəvənd rayonunda gedən qanlı döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Yasin Səməndərov isə II Qarabağ müharibəsi qazisidir. Ümumiyyətlə, ATMU-nun 60 nəfərdən artıq tələbə və məzunu döyüş əməliyyatlarında misilsiz qəhrəmanlıq göstərdiklərinə görə Azərbaycan Respublikasının medalları ilə təltif edilib.
Tədbirin sonunda iştirakçılar öz canı-qanı ilə şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim minnətdarlıqla yad edəcəklərini bildirdilər.