ABŞ prezidenti Co Baydenə qarşı impiçment təhqiqatının ilk iclası başlayıb.

"Unikal" xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti sentyabrın 12-də ailəsinin biznes əlaqələrinə görə ABŞ prezidenti Co Baydenə qarşı rəsmi impiçment təhqiqatına çağırdıqdan sonra Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələr Palatasında prezidentə qarşı impiçment təhqiqatının ilk iclası başlayıb.

ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer açıqlamasında Baydenin "ailəsinin maddi qazancı üçün dövlət vəzifəsindən sui-istifadə etdiyini" göstərmək üçün əlində "bir çox dəlil" olduğunu bildirib və qeyd edib ki, Amerika xalqı qarşısında hesabatlılığı təmin etmək üçün pul və sübutları izləməyə davam edəcək. 
Bugünkü iclasda Baydenin və ya onun oğlu Hunter Baydenin biznes əlaqələrini bilən şahidlər ifadə verməyəcək, əksinə vergi hüququ, cinayət araşdırmaları və konstitusiya hüquq nəzəriyyəsi üzrə kənar ekspertlər ifadə verəcəklər.