Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) kollektivinin beş təmsilçisi  Litvanın Vilnüs Gediminas Texniki Universiteti tərəfindən təşkil olunan müvafiq seminarlara qatılıb. Tədbir Avropa Komissiyasının maliyyə dəstəyi ilə Erasmus+ “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları, PICASP” adlı layihəsi çərçivəsində keçirilib. 

"Unikal" xəbər verir ki, seminarlar turizm və elektron turizm istiqamətində fənlərin tədrisi prosesində müasir metodlardan istifadə,o cümlədən turizm destinasiyalarında digitallaşmanın tətbiqi, Litva təcrübəsinin öyrənilməsi və sənaye  əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi imkanlarına həsr olunub. ATMU üzrə koordinator Şirməmməd Məmmədov yalnız üç ilin yekunlarını şərtləndirən layihənin fəaliyyət mexanizminə uyğun olaraq  ilkin nəticələrə dair təqdimatlarla bərabər, icrası nəzərdə tutulan tədbirlərin müzakirəyə çıxarıldığını da bildirib. 

Qeyd etmək lazımdır ki, layihənin gedişatında universitet- sənayə əməkdaşlığının gələcəkdə də davam etdirilməsi,  kütləvi açıq ödənişsiz onlayn kursların (MOOCs) fəaliyyətinin genişləndirilməsi və akademik heyətə metodiki dəstəyin gücləndirilməsi məsələsi qərara alınıb.