Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibə verib.
"Unikal" xəbər verir ki, Elçin Əmirbəyov Azərbaycan tərəfindən Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri barədə məlumat verib. Bildirib ki, antiterror tədbirlərində məqsəd legitim hərbi hədəfləri yox etmək idi: “Bu, bizim suveren ərazimizdə olan Ermənistan silahlı qüvvələrinə aid qoşuna qarşı idi. Üç il idi Ermənistan öz üzərinə bu məsələ ilə əlaqədar öhdəlik götürmüşdü ki, qoşunlarını bizim ərazimizdən çıxarsın. Amma o, bundan imtina edirdi. Üstəlik onların son iki həftədəki təxribatları bizim çoxsaylı hərbçimizin və mülki şəxslərimizin həlak olmasına səbəb olmuşdu. Ona görə də bu, bizim reaksiyamız, cavabımız idi. Hədəfimiz qəti surətdə mülki şəxslər deyildi. Yenə deyirəm, hədəfimiz legitim hərbi hədəflər idi”.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, hazırda qeyri-qanuni separatçı qurum təslim olub. Onlar özləri öz qeyri-qanuni strukturlarının buraxıldığını elan ediblər. “Hazırda biz erməni icmasının təmsilçiləri ilə dialoq aparırıq. Onlarla artıq 3 görüş keçirilib. Onlarla erməni əhalisinin Azərbaycana reinteqrasiya məsələləri müzakirə edilib”, - deyə o əlavə edib.
Aparıcının “Siz effektiv şəkildə izah edirsiniz ki, Qarabağda yaşayan ermənilər getməkdə və qalmaqda sərbəstdirlər... Niyə onların hamısı getməyi seçiblər” sualına cavabında Elçin Əmirbəyov deyib: “Bəli, bu, çox yaxşı sualdır. Ona görə ki, biz, Azərbaycan hökuməti olaraq antiterror tədbirləri başlayandan bəri mülki əhaliyə elan etmişdik ki, onlar bu hərbi tədbirlərin hədəfi deyillər. Əksinə, çalışıldı ki, onlar qalmaqlarına əmin edilsinlər. Bilmirəm. Ola bilər ki, qeyri-qanuni separatçı qurum bütün silah-sursatı təhvil verdikdən sonra mülki əhalı öz təhlükəsizliyindən çox əmin olmadı. Hətta bir həftədən bəri onların yerlərini tərk etməmələri üçün çox cəhdlər olmuşdu. Onlara lazımi humanitar yardımlar göstərilmişdi. Dərman preparatları, ambulanslar, digər ləvazimatlar göndərilmişdi. Elektrik verilişi bərpa edilmişdi. Radio və televiziyalar vasitəsilə də analoji çağırışlar edilmişdi ki, həmin əhali arasında panika olmasın. Bu həqiqətdir ki, evlərini tərk etmək qərarı onların özlərinin şəxsi və könüllü qərarıdır. Biz bundan təəssüf hissi keçiririk. Bir daha deyilir ki, əlbəttə, bu insanlar, onlar öz evlərinə qayıtmaq hüququnu özlərində saxlayırlar”.
Ermənistanı Qarabağla birləşdirən yolun ekofəallar tərəfindən kəsilməsi iddiasına da cavab verən Elçin Əmirbəyov qeyd edib ki, bu, həqiqəti əks etdirmir: “Beynəlxalq Qırmızı Xaç Komitəsi bütün bu aylar ərzində orada idi. Onlar oraya lazımi tibbi vasitələr gətirirdirlər. Onlar, həmçinin ərazini tərk etmək ehtiyacı olanlara da dəstək verirdilər. Bu, həqiqət deyil. Bu yol minaların, hərbi vasitələrin, həmçinin erməni hərbçilərin daşınmasının qarşısının alınması üçün kəsilmişdi”.
E.Əmirbəyov, həmçinin Ermənistanla aparılan danışıqlar barədə də məlumat verib. Bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir.
Vurğulanıb ki, işğaldan azad olunan ərazilər vaxtilə Ermənistan tərəfindən tamamilə etnik təmizləməyə məruz qalmış, azərbaycanlılar oradan qovulmuşdu: “Həmin ərazilərdə 1 milyon azərbaycanlı Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmışdı. Ancaq təəssüf ki, o vaxt Qərb bununla maraqlanmamışdı. İkili standart siyasətini, nəhayət dayandırmaq lazımdır... Bütün insanlar kimi, bizim insanlarımızın da eyni hüquqları var”.
İşğaldan azad olunan ərazilərə BMT missiyasının səfər etdiyini xatırladan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi diqqətə çatdırıb ki, həmin missiyanın tərkibində müxtəlif xarici KİV-lərin təmsilçiləri də olub. “Onlar təsdiq ediblər ki, orada bir neçə yüz insan qalıb... Onların geri qayıtması üçün Azərbaycan hökumətinin səylərini də gözdən qaçırmamaq lazımdır. Hazırda ermənilər bu ərazidə qalmaq istəməyiblər. Üç on illik ərzində bu ərazilərin Ermənistan tərəfindən işğalı öz izini buraxıb. Xatırladım ki, BMT də bu işğalı qınamışdı. İndi isə lazımdır ki, bir çıxış yolu tapılsın, birgəyaşayış təmin olunsun. Həm azərbaycanlılar, həm də ermənilər üçün”, - deyə E.Əmirbəyov əlavə edib