"Ölkəmizdə, xüsusən də təhlükəsizlik sahəsində yaranan problemlərə görə çox təəssüflənirik". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İstintaq Komitəsinin işçilər gününə həsr olunmuş iclasında deyib. 

O, qeyd edib ki, Ermənistanda 2023-cü ildə rüşvət müqabilində hərbi xidmətdən azad edilmələr olub: "Dələduzluqla bağlı cinayət işləri üzə çıxır. Bunları kimlər edir, gəlin qeyd edək ki, ən yüksək xidmət rütbəsi olan insanlar: həkimlər və hərbçilər. Bu, dərin sosial-psixoloji ziddiyyətləri ortaya qoyur". 

Nikol Paşinyan yeni ratifikasiya olunan Roma Əsasnaməsindən də bəhs edib: "Ermənistan Respublikasında ən mühüm tələb ədalət, qanunun aliliyi və məsuliyyətin qaçılmazlığı olub və olmaqda davam edir. Və bir daha xatırlatmaq istəyirəm ki, iki istiqamət son dərəcə vacibdir: heç bir günahsız insan cinayət məsuliyyətinə cəlb edilməməlidir və heç bir günahkar məsuliyyətdən yayınmamalıdır. Bu qətnamənin bu gün, sabah və əbədi olaraq ardıcıl icrası vətənə, Ermənistan Respublikasına ən böyük xidmətdir".

Qeyd edək ki, Kreml Roma Əsasnaməsinin ratifikasiya edilməsini qeyri-dost addım kimi qiymətləndirib. 

Ağarza Elçinoğlu