Türkiyə olaraq bölgəmizi düşdüyü mövcud vəziyyətdən tez bir zamanda çıxarmaq üçün istər vasitəçilik, istərsə də ədalətli yanaşma ilə əlimizdən gələni etməyə hazırıq.

"Unikal" xəbər verir ki, bu fikri Türkiyə Prezidenti və hakim Rəcəb Tayyib Ərdoğan AKP-nin Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı səsləndirib.

Fələstin məsələsinin həll olunmamasının səbəblərindən birinin də verdiyi vədlərin heç birini yerinə yetirməyən beynəlxalq qurumlar olduğunu qeyd edən Türkiyə Prezidenti ölkəsinin etnik mənşə, inanc və məzhəb fərqləri, siyasi və sosial maraqların toqquşması baxımından dünyanın ən kövrək bölgəsində yerləşdiyini bildirib.

“Tariximizi, coğrafiyamızı, bütün bu amillərin bizə qoyduğu taleyi dəyişdirə bilmədiyimizə və belə bir niyyətimizin də olmadığına görə, mövcud şərtlərin imkan verdiyi ən yaxşı, ən doğru və ən təhlükəsiz yolla getməyimiz zəruridir. Rusiya-Ukrayna qarşıdurmasından Qafqazdakı münaqişələrə, Balkanlardakı gərginliklərdən Aralıq dənizindəki gərginliyə qədər ətrafımızda baş verən bütün hadisələri bu anlayışla qiymətləndiririk. Fələstin və İsrail ərazilərində baş verən son hadisələri də bu yanaşma ilə izləyirik. Həm terrorizmə qarşı öz mübarizəmiz, həm də regionumuzdakı bütün müharibə və münaqişələrə münasibətimiz tamamilə aşkardır”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti İsrail-Fələstin qarşıdurmasında tərəfləri müharibə əxlaqı və normaları çərçivəsində hərəkət etməyə çağırıb.