Qərbin Rusiyanı parçalamaq arzusunun həyata keçməsi Avrasiyanı “dəhşətli etno-konfessional münaqişəyə” sürükləyəcək.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda MDB ölkələrinin Təhlükəsizlik Orqanları Rəhbərləri Şurasının iclasında çıxış edərkən deyib.

“ABŞ və yeddiliyin digər üzvləri, eləcə də Avropa İttifaqı Rusiyaya qarşı fəal işləyir. Xüsusilə, Qərbdə kök salmış etno-separatçı terror strukturları maliyyələşdirilir və açıq şəkildə Rusiya dövlətçiliyini sarsıtmağa, onun ərazi bütövlüyünü pozmağa çağırır. Onların arasında “Post-Rusiya Azad Xalqlarının Forumu”, “Azad Millətlər Liqası” da var”, - Narışkin qeyd edib. 

Onun sözlərinə görə, dekolonizasiya deyilən şüarlar arxasında gizlənən bu birliklər Rusiyanın bir neçə onlarla kvazidövlət qurumuna parçalanmasını tələb edir və bu, hətta Avropa Parlamentinin tribunasından Avro-Atlantik diplomatik korpusun alqışları altında edilir. 

“Hər bir ağlı başında olan insana aydındır ki, bu cür xırda istəklərin həyata keçirilməsi Avrasiyanın dəhşətli etno-konfessional qarşıdurmaya qərq olmasına gətirib çıxaracaq. Təbii ki, Vaşinqton və Londondakı geosiyasət ustaları da bunu başa düşürlər ki, bu da onların Avrasiya qitəsinə “od yandırmaq” ideyasına nə qədər aludə olduqlarını bir daha sübut edir”.

Gülayə Mecid