BMT-nin hesablamalarına görə, 2030-cu ilədək dünyada hər il təxminən 560 təbii fəlakət baş verəcək. Bununla yanaşı, hazırda ekstremal hava şəraiti ilə bağlı olan halların 75 faizi də iqlim dəyişikliyi ilə əlaqədardır.

"Unikal" xəbər verir ki, bu məlumatlar BMT-nin Beynəlxalq Təbii Fəlakətlərin Azaldılması Günü münasibətilə yaydığı hesabatda yer alıb.

Bu il Beynəlxalq Təbii Fəlakətlərini Azaldılması Günü təbii fəlakətlər zamanı müxtəlif əhali qruplarının qeyri-bərabərliyinə həsr olunub. Belə ki, xidmətlərə bərabər olmayan əlçatanlıq əhalinin daha həssas qruplarını təbii fəlakətlərin önündə müdafiəsiz qoyur, bu isə, öz növbəsində, sözügedən sahədə insanlar arasında uçurumu daha da dərinləşdirir.

“2023-cü ildə temperatur bütün rekordları qırdı və dünyada görünməmiş quraqlıqlar, yanğınlar və daşqınlar oldu. Yoxsulluq və bərabərsizlik problemləri bu fəlakətlərin təsirini daha da gücləndirir”, - deyə BMT-nin Baş katibi Antonio Quterreş beynəlxalq gün münasibəti ilə müraciətində bildirib.

Baş katib əlavə edib: “Çox vaxt ekstremal hava hadisələrindən ən çox risk altında olanlar ən həssas təbəqədən olan insanlardır. Onlar daşqınlara və quraqlığa daha çox meyilli yerlərdə yaşayır və bu insanların zərəri aradan qaldırmaq və bərpa etmək üçün daha az resursları var. Nəticədə, onlar digərlərinə nisbətən qeyri-mütənasib şəkildə daha çox əziyyət çəkirlər”.

BMT, həmçinin qeyd edir ki, fəlakət riski yüksək olan ölkələrin əksəriyyəti də yoxsulluq həddində yaşayan insanların nisbəti ən yüksək olan dövlətlər sırasında yer alır. 1970-2019-cu illər arasında təbii və iqlimlə bağlı fəlakətlər nəticəsində ölənlərin 91 faizi inkişaf etməkdə olan ölkələrdə olub.

Quterreş vurğulayıb: “Ölkələr Paris Sazişini həyata keçirmək, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və Fəlakət Riskinin Azaldılması üzrə Sendai Çərçivəsini reallaşdırmaq yolu ilə yoxsulluq və fəlakətlər silsiləsini qırmağa çalışmalıdır”.

Baş katib sözlərinə yekun vurub: “Biz, həmçinin bu il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 28-ci konfransında itki və zərərləri kompensasiya etmək üçün fond təqdim etməklə qlobal miqyasda bərabərsizliyi aradan qaldırmalı və 2027-ci ilə qədər Yer kürəsində hər bir insanın erkən xəbərdarlıq sxemi ilə əhatə olunmasını təmin etməliyik”.

Azərbaycan da baş verən iqlim və hava paradoksları üçün model ola bilər. Bu ilin aprelindən başlayaraq, ölkəmizdə 150-yə yaxın sel hadisəsi qeydə alınıb ki, bu da mütləq rekorddur və keçənilki rekorddan təxminən 3 dəfə çoxdur. 2022-ci ildə 50 analoji hadisə qeydə alınıb.