"Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev deyib.

O bildirib ki, biz 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini artıq üstələmişik: "Bütün selektiv abortlar kriminal abortlardır. Bununla Cinayət Məcəlləsinin qapısı açılır. Həmçinin, bir məsələyə də diqqət çəkmək istəyirəm. 2008-ci ildə Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birgə araşdırma aparmışdıq. O zaman qadın respondentlərin 30 faizindən artığının zorakılığa məruz qaldığını öyrənmişdik. Əfsuslar olsun ki, bu araşdırma o vaxtdan bəri aparılmayıb. 2024-cü ildə biz yenidən bu araşdırmanı aparmaq niyyətindəyik və nəticələri ictimaiyyətə açıqlanacaq".

Onun sözlərinə görə, həmçinin, Azərbaycan selektiv abortlara görə də liderlik edir: “Əgər, bu tendensiya dəyişməsə, 2050-ci ildə Azərbaycan maskelinizasiya problemi ilə üz-üzə qalacaq. Bu baxımdan ölkədə maarifləndirmə aparılmalıdır və qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir”.

Anar Kəlbiyev