"Ya biz adət-ənənə ilə yaşamalıyıq, ya hüquqi dövlət qururuqsa, qanunlar ali olmalıdır. Biz əgər öz istəklərimizi qanun çərçivəsində yerləşdirə bilmiriksə, bu, qanun deyil, bizim günahımızdır. Biz qanun çərçivəsində yaşamaq istəmirik. İstənilən normanı, qaydanı pozmaq bizim üçün qəhrəmanlıq sayılır. Bəzi hallarda milli-mənəvi dəyərlərdən pərdə kimi istifadə olunur. Bunu özümüzə etiraf etməliyik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

"Bu üç il müddətində elə məsələlərə rast gəlmişəm ki, onun dilə gətirib danışmaq mümkün deyil. Bu, heç bir çərçivəyə uyğun gəlmir. İnsanlardan, onların ailələrindən elə hadisələrlə rastlaşırsan, təsəvvür etmək mümkün deyil ki, 3-5 adamın arasında belə hallar baş verir. Bunu inkar edib gözümüzü bağlamaqla bəyəm bu aradan qalxır?", - deyə komitə sədri bildirib.

B.Muradova qeyd edib ki, cəmiyyətin hər bir üzvünü qədim və ya müasir peşə ilə məşğul olmasından asılı olmayaraq, cəmiyyətə qazandırmağa çalışmaq lazımdır: "Bizim konkret vəzifələrimiz var. Bütün həyatımızı tənzimləyən qanunları hərfinə uyğun qəbul etməliyik, onu icra edənlər də hərfinə uyğun yerinə yetirməyə çalışmalıdır. Qalan məsələləri də qanun çərçivəsində yönləndirmək mümkündür. Həm milli-mənəvi dəyəri qorumaq, həm də müasir modellərə açıq olmaq mümkündür. Bunu bizim həyatımız sübut edir. Biz özümüzü olduğundan kəskin mühafizəkar göstərməyə çalışırıq. Başa düşmürəm niyə? O yerdə ki, biz özümüz dəyişiklik istəyirik, bu bizə lazımdır, orada kor-koranə müdafiədən əl çəkilməlidir".

Anar Kəlbiyev