"11 iyun 2023-cü il təvəllüdlü Ayla Mövlam qızı Mövlamlı 22 oktyabrda saat 20:22 radələrində ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib. “Kəskin respirator virus infeksiyasının ağırlaşması diaqnozu” qoyulan xəstəyə ilkin zəruri tibbi yardım göstərilib".

Bu barədə TƏBİB-dən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, xəstə daxil olarkən vəziyyəti çox ağır, bədən hərarəti 38-38,5 dərəcə, febril qıcolma tutmaları müşahidə olunub.

"Xəstənin vəziyyətinin ağırlıq dərəcəsi nəzərə alınaraq oktyabrın 23-də səhər saat 09:00 radələrində İntensiv terapiya və reanimasiya şöbəsinə köçürülüb, zəruri tibbi müdaxilələr aparılmış və rentgen müayinəsində hər iki ağciyərdə pnevmoniya aşkarlanmışdır. Eyni zamanda pnevmoniyanın ağırlaşması kimi “toksik ensefalopatiya” diaqnozu qoyulmuşdur. 

Xəstə yaxınları tərəfindən Bakıya təxliyə etmək istəsələr də, qıcolmaların intensivliyinin çoxluğu səbəbindən 23 oktyabrda təxliyəni həyata keçirmək mümkün olmamışdır.

Oktyabrın 24-ü saat 17:45 radələrində vəziyyəti nisbətən stabilləşəndən sonra uşaq Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə. F. Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının İntensiv terapiya şöbəsinə təxliyə olunub. Aparılan müayinələrdən sonra azyaşlıda yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyaları, ikitərəfli bronxopnevmoniya, septiki şok, ağciyər ödemi və baş-beyin ödemi, ikincili koaqulopatiya diaqnozu qoyularaq müvafiq müalicə təyin olmuşdur.

Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilmədiyi üçün bir gün sonra süni tənəffüs aparatına qoşularaq müvafiq intensiv-reanimotoloji tədbirlər görülmüşdür. Lakin həkimlərin səyinə baxmayaraq, Ayla Mövlamlı 27 oktyabr 2023-cü il tarixində saat 09:25-də Reanimasiya şöbəsində vəfat etmişdir.

Əlavə olaraq bildiririk ki, ölüm faktı ilə əlaqədar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan “Tibb müəssisələrində uşaqlar arasında baş vermiş ölüm hallarının təhlili və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə” Komissiyada araşdırma aparılır", - deyə qurumun açıqlamasında bildirilir. 

*** 18:57

Bakıda 4 aylıq körpə dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, süni tənəffüs aparatına qoşulan Mövlamlı Ayla Mövlam qızının həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının bildirdiyinə görə, Aylanın ölümünə həkim səhlənkarlığı səbəb olub.

Belə ki, xəstələnən körpə əvvəlcə Şəki Mərkəzi Xəstəxanasına aparılıb. Lakin orada növbətçi həkim çatışmazlığı olduğu bildirilib. Bu səbəbdən Ayla Bakıya gətirilərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Mərkəzdən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Mövlamlı Ayla oktyabrın 24-də xəstəxanaya gətirilib:

"11.06.2023 təvəllüdlü Mövlamlı Ayla Mövlam qızı 24.10.2023-cü il tarixində ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə. F. Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının intensiv terapiya şöbəsinə yerləşdirilib.

İlkin olaraq ona dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu qoyulub. 

Daha sonra azyaşlıda yuxarı tənəffüs yollarının dəqiq kəskin infeksiyası, ikitərətli bronxopnevmaniya, septiki şok, ağciyər ödemi və baş beyin ödəmi müəyyən edilib və müalicə ona uyğun aparılıb. Vəziyyətində müsbət dinamikə müşahidə edilmədiyi üçün bir gün sonra süni tənəffüs aparatına qoşulub.

Həkimlərin səylərinə baxmayaraq, Ayla Mövlamlın 27.10.2023 saat 09:25 də reanimasiya şöbəsində həyatını xilas etmək mümkün olmayıb".

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvaladıq. Araşdırılacağı və məlumat veriləcəyi bildirildi.

Nuranə Abbasova