Okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 2 nəfərin xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan "Unikal"a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***09:27

Sumqayıtda evə silahlı hücum zamanı yaralanan şəxslərin adları açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, klinikaya hadisədən zərər çəkən 4 nəfər xəstə daxil olub: "1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990-cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu, 1960-cı il təvəllüdlü Fərəcova Tərlan Qulu qızı və Sərkan Karakaş adlı Türkiyə vətəndaşı. Onlara lazımı tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır".

***08:47

Sumqayıtda evə silahlı basqın olub, ölən və yaralananlar var.

"Unikal" xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayon ərazisində, Corat bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evinə silahlı hücum zamanı Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb, Fərəcova Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb. Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.