Azərbaycanda pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilir.

"Unikal" xəbər verir ki, bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb. 

Bu, cari il ərzində çörəyin qiymətində artıq üçüncü enmədir. Belə ki, cari ilin mart ayında sözügedən çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə, iyun ayında isə 65 qəpikdən 60 qəpiyə enib. Beləliklə 650 qramlıq dairəvi (zavod) çörəyinin qiymətində il ərzində ümumilikdə 21.4 faiz enmə olub.

Qeyd edək ki, 26 oktyabr 2023-cü il tarixə olan məlumata əsasən, 50 kq-lıq qablaşdırmada un kisəsinin topdansatış qiyməti 26,4-28,5 manatdır. 2022-ci ilin oktyabr ayında isə unun topdansatış qiyməti 40-40,15 manat olub.