Castilla-La Mancha Universitetinin (UCLM) alimləri müəyyən ediblər ki, orta dərəcədə şərab istehlakı dəri, mədə və beyin şişləri də daxil olmaqla müəyyən xərçəng növlərinin inkişaf riskini azalda bilər.

"Unikal" xəbər verir ki, araşdırma "Frontiers in Nutrition" jurnalında dərc olunub.

Tədqiqatçılar Cochrane, Scopus, Web of Science və MEDLINE (PubMed) verilənlər bazalarından 73 yüksək keyfiyyətli tədqiqat seçiblər. Yalnız şərab istehlakı ilə yuxarı mədə-bağırsaq traktının, böyrəklərin, kolon və düz bağırsaq, dəri, mədəaltı vəzi, beyin, ağciyər və ginekoloji toxumaların xərçəngləri arasındakı əlaqəni qiymətləndirən tədqiqatlar təhlilə daxil ediib.

Daxil edilən məqalələrin nəşr müddəti 1986-2021-ci illər arasında dəyişib və tədqiqatlarda Avstraliya, Qərbi Avropa və Şimali və Cənubi Amerikadan 18-103 yaş arası 4.346.504 insan iştirak edib.  

Təhlil şərab istehlakı ilə xərçəng riski arasında heç bir əlaqə tapmayıb. Bunun əksinə olaraq, şərab xüsusilə beyin, ağciyər, dəri və mədəaltı vəzidə şiş riskinə qarşı qoruyucu tendensiyalar göstərir. Bunun səbəbi, iltihabı azaldan və hüceyrələri reaktiv oksigen növlərindən zədələnmədən qoruyan fitoestrogenlər və antioksidantlar kimi şərab komponentləri ola bilər. Həmçinin, içki mədənin turşuluğunu artıraraq, "Helicobacter pylori" kimi mikroorqanizmlərin inkişafını azalda bilər: bu bakteriya mədə xərçəngi üçün əsas risk faktorudur.

İstehlak olunan şərabın miqdarı, pəhriz, həyat tərzi və sosial-iqtisadi vəziyyət nəzərə alınmaqla, içkinin xərçəng riskinə həqiqi təsirini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac olduğu bildirilib. 

Gülayə Mecid