Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluqdan "Unikal"a verilən məlumata görə, istintaqla 04.03.2019-cu il tarixdən 10.11.2022-ci il tarixədək olan dövrdə qeyd edilən məktəbin direktoru işləmiş Rəşad Əsədovun davamiyyəti olmayan işçilərə və tədris olunmadığı halda dərnək dərslərinə görə müəllimlərə əməkhaqqı ödənilməsi, evdə fərdi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud şagirdlərə tədris olunan dərs saatlarına görə müəllimlərə hesablanmış əmək haqqının öz əmək haqqı kartına köçürülməsi və digər yollarla ümumilikdə 53 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə, həmçinin rüşvət müqabilində məktəbdə təhsil alan şagirdin adına olan ümumi orta təhsil haqqında attestata başqa şəxsə aid məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rəşad Əsədova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.