2023-cü ilin yanvar-noyabr aylarında Rusiya vətəndaşları Gürcüstanda 5780 mənzil alıblar.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın “Business Media” nəşri ölkənin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bu isə ötən illə müqayisədə çoxdur. Belə ki, keçən il Rusiya vətəndaşları Gürcüstanda 5424 mənzil alıblar. Bu rəqəmə həm Rusiya, həm də Gürcüstan vətəndaşlığı olanların mənzil almasını da əlavə etsək, 2022-ci il üçün 6062 mənzil edir.
Rusiya vətəndaşlarının Gürcüstanda aldığı torpaq sahələrinin sayı da artıb. 2022-ci il ərzində ruslar ölkədə 1625, 2023-cü ilin yanvar-noyabr aylarında isə 1872 torpaq sahəsi alıblar.
Gürcüstan Ukraynada müharibə başlayandan sonra Rusiya mühacirlərinin ən populyar istiqamətlərindən birinə çevrilib. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə respublikaya 1,46 milyon rusiyalı daxil olub. 2022-ci ildə Gürcüstanda əcnəbilərin aldığı mənzillərin 40%-dən çoxu ruslar tərəfindən alınıb. İkinci yeri İsrail tutub. Bu ölkənin vətəndaşları 2022-ci ildə Gürcüstanda 1892 mənzil alıblar. Üçüncü yeri isə Ukrayna (1321 mənzil) tutub.