İrandan Azərbaycana 27 kq-a yaxın narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Bu barədə "Unikal"a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 26 kiloqram 945 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Belə ki, dekabrın 4-də saat 19:15-də “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Edişə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 17 kiloqram 900 qram narkotik vasitə marixuana və dekabrın 5-də saat 05:30-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 9 kiloqram 45 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.