Bu günlərdə Azərbaycan Turizm və Menecment Universitetində daha bir layihəyə - “Career Hacks by ATMU alumni”-ə yekun vurulub. 

"Unikal" xəbər verir ki, adıkeçən məqsədli tədbirə bu təhsil müəssisəsinin onlarla tələbə və məzunu  qatılıb. Universitetin  Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən layihədə ATMU məzunları ilə işgüzar görüş, uğurlu karyeraqurmada doğru və yanlış addımlara adekvat münasibət, uyğun anlarda kiçik hiylələr, əsas və qeyri-əsas məqamdan bəhrələnmək və s. əksini tapıb.

ATMU-nun ilk məzunu, Səyahət, Sağlamlıq və Turizm şirkətinin icraçı direktoru Tərlan Quliyev turizm ixtisasının üstünlükləri, gəlirli  sahə imkanları, o cümlədən qarşıya çıxan  çətinliklərə şəxsi təcrübəsi prizmasından münasibət sərgiləyib.Gənc turizmçilərə Amadeus və Galileo proqramları üzrə kurslarda iştiraka dəstək olacağını xüsusi vurğulayıb. 

“Career hacks by ATMU alumni” layihəsi çərçivəsində ATMU tələbələri ilə görüşdən məmnunluğunu bildirən Azərbaycan  İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli  karyeraqurmanın muzey sektorundakı üstünlüklərindən danışıb. Fikir mübadiləsi şəraitində keçən təlimdə muzeyşünaslıq təcrübəsinə istinad edən S.Mirseyibli tələbələrə peşə fəaliyyətilə bağlı dəyərli məsləhətlər verib. 

Layihənin digər  qonaqlarından “Parkside Hotel & Apartments”-ın Satış departamentinin direktoru Əfsanə İbadova -Məmmədova ,”Elit Travel” MMC-nin təsisçisi və icraçı direktoru Həvva İbrahimova isə çalışqan tələbə kimi fərqlənməklə bərabər, müvafiq təlimlərdə yaxından iştirakı, dil biliklərini daim mənimsəməyi,hədəflərə çatmaqda əzmli olmağı tövsiyyə ediblər.   

Layihə çərçivəsində keçirilən təlimlərdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin əməkdaşları və 3 fakültənin tələbələri iştirak ediblər.