Azərbaycan böyük tarixi hadisə ərəfəsindədir. Növbədənkənar prezident seçkilərinə iki aydan da az vaxt qalır. Uzun fasilədən sonrabütün Azərbaycan ərazisində ilk dəfə prezident seçkiləri keçiriləcək və bu naliyyət müasir və müstəqil Azərbaycanın siyasi, iqtisadi, fikir və düşüncə sistemində yeni dövrün başlanmasına dəlalət edir. Bu hadisə həm də ölkə qarşısında yeni hədəfləri müəyyənləşdirir.

Çünki Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinə son qoyub. İlham Əliyev dünyanın ən çətin münaqişələrindən birini 44 günə həll edərək adını tarixə yazıb. Ona qədər Qarabağ münaqişəsi Azərbaycanın ən böyük problemi hesab olunurdu və ölkənin hər bir vətəndaşı bir arzu ilə yaşayırdı ki, gün gələcək, bu münaqişə həll olunacaq, torpaqlarımız azad olunacaq və azərbaycanlılar öz tarixi torpaqlarına qayıdacaqlar. Bu, bir tərəfdən cəmiyyətin sosioloji mahiyyətini, onun ictimai şüurunun təməl prinsiplərini göstərən məsələ idisə, digər tərəfdən də dövlətin strateji xətti idi. Məhz Prezident İlham Əliyevin ölkədə və cəmiyyətdə formalaşdırdığı güc birliyi sayəsində xalqımız bu problemin öhdəsindən layiqincə gəldi, Qarabağ münaqişəsi tarixə qovuşdu, Azərbaycan həm ərazi bütövlüyünü, həm də işğaldan azad etdiyi ərazilər üzərində öz suverenliyini bərqərar etdi. Ona görə də müharibənin gedişində və ondan sonkrakı dövrdə Prezident İlham Əliyevin yürütdüyü siyasət, ortaya qoyduğu qətiyyət deməyə əsas verir ki, bu seçkinin əsas favoriti İlham Əliyevdir və onun alternativi yoxdur. Çünki İlham Əliyev buna qədər 20 illik hakimiyyəti dövründə müasir Azərbaycan qurub, onun siyasi, iqtisadi, hərbi uğurlarını təmin edib. O, əldə edilən naliyyətlərin qorunub saxlanmasında əsl fədakarlıq göstərib. Bununla da xalqın böyük etimadını qazanıb. 

Prezident İlham Əliyev hələ 2003-cü ildəki andiçmə mərasimində bəyan etmişdi ki, o, Azərbaycanı gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevirəcək. O, həm də demişdi ki, Azərbaycan xalqının səbri tükənməz deyil, Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. O vaxt çoxları bu tezisin həyata vəsiqə qazanmasına bəlkə də inanmamışdı, lakin zaman gəldi ki, İlham Əliyev Ermənistanın 30 il davam edən işğalına cəmi 44 günə son qoydu. Bununla da tarixin axarını dəyişdi və bu naliyyətin təməlində duran əsas amil İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiqliyi və 20 illik hakimiyyəti dövründə verdiyi bütün sözlərin həyata keçməsində göstərdiyi qətiyyət, səriştə və Azərbaycan sevgisidir. 

Dövlət başçısının 20 illik prezidentlik fəaliyyətində qazandığı hər bir uğur onun şəxsiyyət obrazının vacib detallarıdır. Təsadüfi deyil ki, dünyada lider böhranı yarandığı dövrdə Azərbaycan Prezidenti nümunəvi rəhbər missiyası nümayiş etdirir, xarici dövlət başçıları onun Avropada ən çox arzulanan lider olduğunu deyir, hətta onunla danışmaq üçün telefon nömrəsi axtaranlar da çoxalıb. Bütün bunlar ona görə baş verir ki, Prezident İlham Əliyev bütün təmaslarında ilk növbədə səmimiyyəti ilə seçilir. O, qərarlarında olduqca ədalətlidir, humanistdir, hər zaman dediyi sözün üstündə durur. Onun sözü də imzası qədər dəyərlidir. O, güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafında toplayaraq müstəqil və güclü Azərbaycan uğrunda çalışır. İlham Əliyev xalqdan aldığı gücü öz fəaliyyəti ilə xalqa qaytarır. Onun güclü xalq, güclü dövlət, güclü lider modeli müstəqil və müasir Azərbaycanın güc mənbəyidir.

Prezident İlham Əliyev hər zaman qazanılan uğurları xalqın adı ilə bağlıyır və deyir ki, “bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”. Dövlət başçısı həm də vurğulayır ki, “xalq”, “millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər”. İlham Əliyev bu sözləri deyərkən həm də ona işarə edir ki, onun yürütdüyü siyasət milli maraqlar üzərində qurulub və bu siyasət dövlət müstəqilliyinin möhkəmlənməsinə istiqamətlənib. 

Son 20 ilin hadisələri göstərir ki, Azərbaycan müstəqil dövlət kimi dünya birliyində öz yerini daha da möhkəmləndirib, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. O, Azərbaycanın siyasi, iqtisadi və hərbi müstəqilliyini təmin edib. Çevik xarici siyasət kursu formalaşdırıb. Dövlətin güclü sosial siyasətini yaradıb.Ölkədə dünya standartlarına uyğun ordu qurulub. Cəmiyyətin mədəni-mənəvi bütövlüyünə nail olunub.Son 20 ildə Azərbaycanda ÜDM 4 dəfə, büdcə gəlirləri 30 dəfə, xarici ticarət dövriyyəsi 10 dəfə artıb. Xarici borc ÜDM-in 10 faizinə enib. Xarici valyuta və qızıl ehtiyatı ÜDM-dən 10 dəfə artıqdır. Son 30 ildə Azərbaycana 300 milyard dollardan artıq vəsait qoyulub.Prezident İlham Əliyevin qurduğu iqtisadi model sayəsində Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi başa çatıb. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı qəbul olunub. Ötən dövrdə ölkədə milyonlarla yeni iş yeri açılıb, işsizliyin və yoxsulluğun səviyyəsində kəskin azalma baş verib, sahibkarlığın və özəl sektorun inkişafı diqqət mərkəzində saxlanılıb. 

Prezident İlham Əliyevin strateji enerji siyasəti diplomatik münasibətlərdə mühüm komponentə çevrilib və xarici ölkələrin iqtisadi maraqları milli dövlətçilik mənafelərimizlə tam uzlaşdırılıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi ilə tarixi uğura imza atan Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi iri enerji layihələrini icra edib. Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin müddəti 2050-ci ilə qədər uzadılıb. Bu gün Azərbaycan Avropanın qaz təchizatında aparıcı ölkədir. 

Dünya ölkələri ilə bərbabərhüquqlu və qarşılıqlı münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin yaradılması, yeni tərəfdaşların tapılması, beynəlxalq ədalətin təmin olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas komponentləridir. Ötən dövrdə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edib və onun beynəlxalq miqyasda siyasi nüfuzunun artırılmasına əvəzsiz xidmətlər göstərib. Azərbaycan Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələri qurub.Azərbaycan regionda mehriban qonşuluq siyasətini təşviq etməklə Cənubi Qafqazın sülh məkanına çevrilməsinə tövhə verib.

Azərbaycan hər il müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu və digər tədbirlərin təyinat məntəqəsi ona görə Bakıdır ki, Azərbaycan heç bir hərbi təşkilatın üzvü deyil. Məhz bu nüfuzun nəticəsidir ki, beynəlxalq ictimaiyyət BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsinə səs verib. Bu qərar onu göstərir ki, Prezident İlham Əliyev dünya gündəmini müəyyən edən beynəlxalq platformalardan məharətlə istifadə edir, Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanı statusunu daha da möhkəmləndirir. 
Prezident İlham Əliyev deyir ki, “gördüyümüz bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin”. Təsadüfi deyil ki, ötən dövrdə Azərbaycanın sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib. Minlərlə məktəb və tibb müəssisəsi tikilib.Şəhid ailələrinin, müharibə veteranlarının problemlərinin həlli dövlətin sosial siyasətinin prioritetləri sırasına daxil olub. “Asan xidmət” və “DOST” mərkəzlərinin yaradılması vətəndaşla dövlət qurumları arasında bürokratik maneələri aradan qaldırıb. 

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dövlət büdcəsində Silahlı Qüvvələrə ayrılan vəsait birinci yerdə qərarlaşıb. Bu, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, güclü hərbi-sənaye kompleksinin yaradılmasına təkan verib. Prezidentin müəyyən etdiyi düstura uyğun olaraq Vətən müharibəsində Azərbaycanın güclü ordu modeli bir sistem olaraq qalib gəlib.Beləliklə,Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son 20 ildə qazandığı naliyyətlər böyük qələbəni şərtləndirib və Azərbaycan 30 il davam edən ədalətsizliyə təkbaşına son qoyub. 44 gün davam edən və Ermənistanın kapitulyası ilə nəticələnən Vətən müharibəsində qazanılan qələbə milli həmrəyliyi Azərbaycan xalqının həyat tərzinə çevirib. Xalqın mədəni-mənəvi bütövlüyü ən ali mərtəbəyə yüksəlib. Azərbaycan xalqının Qalib xalq obrazı yaranıb. 

Azərbaycan təkcə Ermənistanla və dünya erməniliyi ilə yox, həm də onların himayədarları ilə də müharibədə Qələbə qazanıb. Bu parlaq Qələbə ilə regionda erməni faşizminə son qoyulub, bu təhlükənin təməlini qoyan mənfur ssenarilər məhv edilib. Bununla da Prezident İlham Əliyev yadların əli ilə qəlibləşmiş tarixin axarını dəyişib, Azərbaycan tarixini yenidən yazıb. O, təkcə torpağı yox, həm də 200 illik tariximizi işğaldan qurtarıb, Azərbaycan xalqını bu tarixin əsas qəhrəmanına çevirib. Prezident İlham Əliyev Cənubi Qafqazı Ermənistanın mənfur ideoloji təhdidlərindən də xilas edib, onların itirilmiş reallıq hissini yerinə qaytarıb. Artıq regionun güc balansında əvvəlki hökmran və təkəbbürlü davranışlar keçmir, köhnə təxribat ssenariləri işə yaramır, bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir. Ona görə də dünya Vətən müharibəsinin gedişində Azərbaycanı, onun liderini yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, müstəqillik dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var. 

1918-ci ildə dahi Üzeyir bəy “Azərbaycan” qəzetində yazırdı ki, “gərək hər bir azərbaycanlı, hamı başa düşə ki, bu Vətən də, bu millət də, bu dövlət də bizimdir. Bu dövlətdə, bu Vətəndə ögey övlad yoxdur. Hamı bu Vətənin övladıdır. Bu Vətənin taleyi hamının taleyidir”. O, rəhbərlik etdiyi qəzetdə jurnalistlərin vəzifələrini müəyyənləşdirəndə deyirdi ki, bizim qəzetin səhifələri Vətən abadlığından, millət salamatlığından, camaat tərəqqisindən, dövlət intizamından, istiqlal amallarından yazan hər kəsə bir ananın öz doğma övladına açdığı qucaq kimi açıqdır. Prezident İlham Əliyev də yeni yüzillikdə öz fəaliyyətiniVətən abadlığının, millət salamatlığının, camaat tərəqqisinin, dövlət intizamının, istiqlal dəyərlərinin möhkəmləndiyi Azərbaycan naminə qurdu və niyyətinə də çatdı. Ona görə də dövlətin zirvəsi haqlı olaraq vurğulayır ki, “Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmayıb. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmayıb”. Müstəqilliyi özünün də, xalqın da ən böyük istinad nöqtəsinə çevirən İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində də qalib gələcəyi heç kimdə şübhə doğurmur. Çünki o, Azərbaycan tarixinin ən parlaq Zəfərinin müəllifidir!O, dünyanın ən çətin və mürəkkəb münaqişələrindən birini təkbaşına həll edərək adını tarixə Müzəffər Ali Baş Komandan, Qalib Prezident kimi yazdıran böyük dövlət xadimi, yenilməz sərkərdədir!Müdrik Azərbaycan xalqı da bu naliyyəti layiqincə qiymətləndirəcək, öz səsini Zəfərə verəcək, xalqın seçimi yenə İlham Əliyev olacaq!

Arif Alışanov