“İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1949 nömrəli Fərmanında dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, Fərmana əsasən, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs üzrə xərclər 2 241 239 633 manatdan 2.301.959.633 manata, icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği 1.803.778.570 manatdan 1.873 778.570,0 manata qaldırılıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1.653.778.570 manatdan 1.625.778.570 manata endirilib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olmayan tibb müəssisələrindən tibbi xidmətlərin alışı üzrə sığorta ödənişləri 150 000 000 manatdan 248.000.000 manata yüksəldilib.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsi xərcləri isə 174.809.683 manat deyil, 165.529.683 manat olacaq.

Azad olunmuş ərazilərdə mobil hospitalların saxlanma xərcləri 4.000.000 manatdan 2.720.000 manata, tibb müəssisələrində daşınmaz əmlakın əsaslı təmiri, kənd yerlərində modul tipli tibb məntəqələrinin tikintisi və quraşdırılması üçün xərclər 50.000.000 manatdan 30.000.000 min manata endirilib.

Tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarın alınması xərcləri isə 40.000.000 manatdan 55.000.000 manata qaldırılıb. Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 10.000.000 manatdan 7.000.000 manata endirilib.
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri isə 70 000 000 manatdan 9.280.000 manata endirilib.