Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsi Fizika və kimya kafedrasının müəllimi Rəna Xankişiyeva Azərbaycan Elm Fondunun 11-ci “Mobillik Qrantı” müsabiqəsində qalib olub və Türkiyədə təcrübə keçib.
"Unikal" xəbər verir ki, o, “Polimer kompozit materialların sintezi, modifikasiyası və xarakteristikası” layihəsi üzrə Türkiyənin Yıldız Teknik Universitetində təcrübə proqramında iştirak edib.
Layihə çərçivəsində yeni modifikasiya və sintez üsulları tətbiq olunub. Modifikasiya prosesi üçün optimal şərait təyin edilib, həmçinin 1H-NMR və İQ Furye spektroskopiya üsullarından istifadə olunub.
Layihədən əldən olunan əsas nəticələrdən biri modifikasiya üsulu ilə yanmaya və radiasiyaya davamlı kompozitin alınması olub. Tədqiqat nəticələr əsasında Rəna Xankişiyevanın həmmüəllifliyi ilə Türkiyənin nüfuzlu elmi nəşirlərində məqalələr çap olunub.
Alınmış poliuretan əsaslı kompozit sənaye üçün böyük praktiki əhəmiyyətə malik olacaq. Tədqiqatın genişləndirilməsi, YTU ilə elmi mübadilənin aparılması, yeni kollobarasiya imkanları ilə birgə beynəlxalq layihələrdə iştirak üçün razılıq əldə olunub.
Rəna Xankişiyeva təcrübə müddətində YTU-da Kimya-101 və KIM5001 seminar dərslərində də iştirak edib. Həmçinin tədris metodikası, tədris vəsaitləri ilə tanış olub, pedaqoji fəaliyyətdə istifadə üçün önəmli tədqiqat materialları əldə edib.
Professor Ali Erdoğmuşun "Xərçəng Müalicəsində Alternativ-İnnovativ Yaklaşımlar: Fotodinamik Terapiya/Sonophotodynamic Therapy and Properties of Active Compounds (sensitizer)" və professor Kasım Şenerin "Pirrol əsaslı liqand və metal komplekslərinin sintezi və tətbiqi" adlı seminarlarda Rəna Xankişiyeva qeyd edilən mövzular üzrə ən son elmi tədqiqatlarla tanış olub.