Yola saldığımız 2023-cü il həm də bir sıra itkilərlə yadda qaldı.
"Unikal" 2023-cü ildə itirdiyimiz məşhurları təqdim edir:
Hamının "Toppuş bacı" kimi tanıdığı Əməkdar artist Tünzalə Əliyeva yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişdi. Ölümü ilə hər kəsi kədərləndirən aktrisa "Qurd qapısı" qəbiristanlığında dəfn olunub. Ondan bir qızı yadigar qalıb.
Əməkdar mədəniyyət işçisi, tanınmış prodüser Oqtay Əliyev martın 22-də avtomobil qəzası nəticəsində vəfat edib. Oqtay Əliyevin idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev ölmüş, avtomobildə olan xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər almışdır.
Hamımızın "Əhməd haradadır" filmindən tanıdığı Xalq artisti Elxan Qasımov 29 may 2023-cü ildə aorta anevrizmasının partlaması səbəbi ilə dünyasını dəyişib. Aktyor Xırdalan qəbiristanlığında dəfn olunub.
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış kino xadimi Əsəd Əsədov sentyabrın 23-də 76 yaşında dünyasını dəyişib.
Səhhətində problemlər yaranan Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilov aprelin 29-da vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.
Heydər Əliyev Sarayının keçmiş baş rejissoru, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyeva dekbrın 23-də 74 yaşında vəfat edib.
Görkəmli heykəltaraş, pedaqoq, Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov noyabrın 18-də 83 yaşında həyatla vidalaşıb.
Xalq artisti Azər Paşa Nemətov 9 aprel 2023-cü ildə 75 yaşında vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruz uzun müddət mədə xərçəngi xəstəliyindən əziyyət çəkirdi və 20 fevral 2023-cü il tarixində vəfat edib.
Xalq artisti, Tofiq Tağızadənin qızı, Firdovsi Atakişiyevin həyat yoldaşı İranə Tağızadə aprelin 9-da 65 yaşında dünyasını dəyişib.
Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyeva qaraciyər və böyrək çatışmazlığından fevralın 5-də dünyasını dəyişib.
Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov sentyabrın 19-da 44 yaşında dünyasını dəyişib. O, uzun müddət narkotik asılılığından əziyyət çəkib.
Tanınmış müğənni, qarmon ifaçısı Hüseyn Bakılı (Hüseynəli Həsənov) noyabrın 12-də 72 yaşında vəfat edib.
Azərbaycan rəqqasəsi, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Əməkdar artist Aliyə Ramazanova 1 sentyabr 2023-cü ildə 82 yaşında dünyasını dəyişib.
Xalq rəssamı Tahir Salahın rəssam qızı Alagöz Salahova sentyabrın 19-da vəfat edib.
Milli məclisin deputatı Madər Musayev iyulun 14-də 75 yaşında qəfil ürəktutmasından vəfat edib.
Milli Məclisinin deputatı Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixində səhhətindəki kritik durumla əlaqədar 48 yaşında dünyasını dəyişib. Sentyabrın 29-da İkinci Fəxri xiyabanda dəfn olunub.
Sabiq Baş nazir Surət Hüseynov iyulun 31-də İstanbulda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
ANS və AzTV televiziyalarında uzun illər çalışmış tanınmış jurnalist Natavan Babayeva iyulun 20-də sürən xərçəng xəstəliyindən vəfat edib. O, Salyanın Parça Xələc kəndində dəfn olunub.
Fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov sentyabrın 13-də 54 yaşında ürəktutmadan vəfat edib.
Jurnalist, media üzrə tanınmış mütəxəssis Ellada Mustafayeva 34 yaşında uzun sürən xəstəlikdən sonra fevralın 28-də vəfat edib.
Azərbaycanlı ilahiyyatçı, xeyriyyəçi, din xadimi Hacı Şahin Hüseynli 2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından dünyasını dəyişib. Milli Məclisin deputatı Zahid Oruc Hacı Şahinin ölümünü müəmmalı adlandırıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, əfsanəvi neft mütəxəssisi Xoşbəxt Yusifzadə oktyabrın 3-də 93 yaşında vəfat edib. O, Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Nuranə Abbasova