Türkiyə 2029-cu ilə qədər Zəngəzur dəhlizinin yaradılması layihəsini həyata keçirməyi gözləyir.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Zəngəzur dəhlizinin Bakıdan başlayaraq Horadizə qədər olan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Ümumiyyətlə, bu dəhlizin yaradılması prosesi beş il çəkəcək. Yəni, düşünürəm ki, 2028-ci ildə biz bütün işləri tam başa çatdıracağıq", - deyə Uraloğlu Türkiyənin "TVnet" telekanalına müsahibəsində bildirib.

Nazir əlavə edib ki, Ermənistan ərazisindən keçən hissə istisna olmaqla, Horadizdən Ordubada qədər olan hissədə tikinti işləri davam edir.

Zəngəzur dəhlizi ilə bağlı İrəvanın mövqeyinə toxunan nazir vurğulayıb ki, belə bir təşəbbüs ilk dəfə irəli sürüləndə Ermənistan tərəfi bu layihənin Ermənistana faydası barədə də danışsa da, mənfi reaksiya verib: "Lakin bu yaxınlarda Paşinyan (Ermənistanın baş naziri – red.) bu dəhlizlə bağlı müsbət mesajlar verib. Zəngəzur dəhlizinin Ermənistan hissəsinin uzunluğu təqribən 43 km-dir. Onlar dəhlizin tam başa çatdırılmış hesab edilməsi üçün planlaşdırma və tenderləri həyata keçirməlidirlər. Beləliklə, Türkiyə türk dünyası və Orta Asiya ölkələrinə birbaşa və asan çıxış əldə edəcək".

O, həmçinin qeyd edib ki, İran da öz növbəsində Azərbaycanı öz NMR və Türkiyə ilə birləşdirəcək yolun tikintisi təşəbbüsü ilə çıxış edib: "Biz Zəngəzur dəhlizi layihəsini həyata keçirəcəyik, lakin İranın da öz ərazisi vasitəsilə Türkiyə ilə Azərbaycanı birləşdirən bu əlaqənin bir hissəsinə çevrilməsinə etiraz etmirik. İran tərəfi ilə danışıqlar və görüşlər davam edir. Biz bu layihənin vaxtında həyata keçiriləcəyini gözləyirik". 

Ağarza Elçinoğlu