Aparıcı Elgiz Əkbər haqqında dəqiqləşdirilməmiş məlumatları yazan saytları məhkəməyə verəcək.
"Unikal" xəbər verir ki, o bu barədə İnstaqram hesabında video yayımlayaraq deyib.
"Mətanət xanım verilişlərin birində çıxış edib və guya o sözləri mənim ünvanıma deyib.
Mətanət xanım özü mənə zəng etdi. Mənimlə nə əlaqəsi? Bu məsələni kim yayıb? Kim deyib ki, Mətanət xanım mənə deyir o sözləri? O xəbərləri yayan insanların hamısını məhkəməyə verəcəyəm. Siz Mətanət xanıma zəng edib özündən soruşmusuz ki, o sözləri kimə deyirsiz?", - deyə Elgiz əsəbiləşib.
Xatırladaq ki, Əməkdar artist Mətanət İsgəndərli verilişlərin birində demişdi:
"Əgər bir sənətçi sənin dəvətinlə verilişinə gəlirsə, o, səni sayır, gəlir. Əziyyət çəkir, səhər tezdən durur, hazırlaşır, bəzənib-düzənir, qızıl kimi zamanını ayırır... Məni dəfələrlə verilişinə çağırdı, getmədim. Amma sonra üz-üzdən utandığı və rəhmə gəldiyim üçün verilişə getdim. Mən sənin verilişinə sənə görə gəldim. Gəldim ki, sən pis vəziyyətdə qalmayasan. Səsim batsa belə verilişinə gəldim (bir neçə həftə əvvəl Elgiz Əkbərin aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı efirində qonaq olub). Danışa da bilmirdim. Mən səni fikirləşib verilişinə gəldim. Amma sən mənə arxadan bıçaqla zərbə vurdun.
Mənə verilişində öz məqsədin və pis niyyətin üçün tor, hiylə qurdun. O, elə başa düşür ki, Mətanəti aldatdı efirinə gətirdi. Amma düşünmə ki, sən mənə hiylə, tor qurdun.
Yadında qalsın ki, kiminsə bədbəxtçiliyinin, pisliyinin üstündə sən xeyir tapa bilmərsən. Etdiyinin nəticəsi olaraq qabağına on qat pislik çıxacaq".
Müğənninin bu sözləri aparıcı Elgizə ünvanladığı iddia olunurdu.