Toronto şəhərində keçirilən beynəlxalq TIFF kinofestivalı zamanı tanınmış aktyor Ceyms MakEvoya hücum edilib.

"Unikal" xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. Hadisə onun rejissor debütü olan "California Schemin’ filminin nümayişi ilə eyni vaxta təsadüf edib.

İnsident bazar ertəsi axşamı "Charlotte’s Room" adlı barın içərisində baş verib. MakEvoy aqressiv davranan bir müştərini sakitləşdirməyə çalışıb, lakin daha sonra həmin şəxs oradan çıxarılarkən aktyora arxadan hücum edib.

MakEvoya yaxın mənbənin bildirdiyinə görə, aktyor həmin vaxt film prodüserləri ilə görüş keçirirmiş. Spirtli içkinin təsiri altında olan kişi bar əməkdaşları tərəfindən çıxarılmalı idi, lakin bu zaman MakEvoya qəfil zərbə endirib. Mənbə əlavə edib ki, aktyor özünü yaxşı hiss edib və hadisədən sonra barı tərk etməyib, baş verənlərə yumorla yanaşıb.