"Ermənistanın öz ərazisindəki suverenliyi və yurisdiksiyası milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hər kəsə şamil edilir".

"Unikal" xəbər verir ki, bunu baş nazir erməni Nikol Paşinyan parlamentdə hökumət saatında Ermənistan blokundan olan deputat Aqnessa Xamoyanın sualını cavablandırarkən deyib.

Deputat kommunikasiyaların açılması halında Azərbaycan vətəndaşlarının Ermənistana girişinin necə tənzimlənəcəyini soruşub. Xüsusilə, "Azərbaycan vətəndaşlarının pasportları yoxlanılacaqmı, Ermənistan ərazisində cinayət törətdikləri təqdirdə saxlanılıb mühakimə olunacaqmı" sualına Paşinyan cavab verib ki, Ermənistanın yurisdiksiyası istənilən vətəndaşlıq və milliyyətdən olan insanlara eyni dərəcədə şamil edilən dövlət prinsipidir.

Eyni zamanda, Ermənistan sərhəd-keçid məntəqələrinin yoxlanılması üçün insan müdaxiləsi olmadan normal rejimdə pasport nəzarətinin oxunma cihazlarından istifadə edilməsini nəzərdə tutan müasir texnologiya və mexanizmləri tətbiq etməyə çalışır. Paşinyan bildirib ki, sərhədçilər yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edirlər.

Hökumət bu cür texnologiyalardan ölkənin bütün sərhədlərində - Gürcüstan, İran, Türkiyə, Azərbaycan və hava limanlarında istifadə etmək niyyətindədir.