“Technip Energies” şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində “Texnoloji biliklərin ötürülməsi” proqramı (Master Technology Transfer Program 2024) ilə bağlı məlumat sessiyası keçiriblər. 

"Unikal" xəbər verir ki, tədbirdə Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan-Fransız Universitetinin yuxarı kurs tələbələri də iştirak ediblər.

Məlumat sessiyasında çıxış edən “Technip Energies” şirkətinin Bakı ofisinin Texniki meneceri Salvatore Carotenuto şirkətin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə məlumat verib.

Şirkətin Biznes interfeysi üzrə analitiki, Bakı Ali Neft Məktəbinin məzunu Elgün Yusifov şirkətdəki karyera yolundan danışaraq “Texnoloji biliklərin ötürülməsi” proqramı barədə məlumat verib və 2019-cu ildən həyata keçirilməyə başlanılan bu proqramın ilk məzunu olaraq təcrübəsini bölüşüb.
 
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələri şirkətin təqdim etdiyi bu imkandan yararlanmağa və proqramda fəal iştirak etməyə çağırıb. Rektor BANM məzunlarının “Technip Energies” şirkətində uğurla fəaliyyətinin qürurverici olduğunu vurğulayıb.