Seçki Məcəlləsi dəyişdi
19:39 01-05-2013
CƏMİYYƏT
Seçki Məcəlləsi dəyişdi
Oqtay Əsədov Avropa Parlamentinin rəhbərinə müraciət etdi
Parlamentin iclasında çıxış edən spiker bu haqda danışaraq müraciətin erməni diasporu tərəfindən ələ alınmış Avropa Parlamentinin deputatları ilə bağlı olduğunu deyib. O.Əsədov qeyd edib ki, Avropa Parlamentinin bir sıra deputatları, həmçinin beynəlxalq təşkilat nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq normalara sığmayan bəyanatlarla çıxış edir, erməni təcavüzunə dəstək verirlər.
"Təəssüf edirəm ki, hələ də bir sıra beynəlxalq təşkilatla Azərbaycana qarşı ikili siyasətini davam etdirməkdədir və biz bir çox hallarda bu təşkilatların fəlaiyyətinə qarşı zəiflik göstərmişik. Amma bundan sonra bu hallara qarşı sərt reaksiya verilməlidir və ictimaiyyətin bütün təbəqələri bu işdə aktiv fəaliyyət göstərməlidirlər. Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində cəmiyyət bir araya gəlməlidir. Biz bundan sonra belə münasibətlərə sərt təpki göstərəcəyik, -
“Biz niyə Avropa
Şurasında fəaliyyətimizi davam etdirməliyik?”
Vitse-spiker Valeh Ələsgərov Avropa Parlamentinin Cənubi Kiprdən olan deputatının Dağlıq Qarabağa səfərinin qəbuledilməz olduğunu söyləyib.O, Cənubi Kiprin ilk növbədə adadakı türklərin hüquqlarını tanımağa çağırıb.
Millət vəkili Fazil Mustafa deyib ki, Avropa Parlamenti Fransa və Şimali Kiprdən olan deputatların Dağlıq Qarabağa səfərinin Avropa Parlamentinin mövqeyini ifadə etmədiyini bəyan edib: “Ancaq sabah həmin deputatlar saxlanarsa, Avropa Parlamenti dərhal bəyanat verəcək. Digər tərəfdən, Ermənistan 2014-cü ildə Avropa Şurasında Nazirlər Kabinetinə rəhbərlik edəcək. Biz niyə bu qurumda fəaliyyəti davam etdirməliyik?!”
Spiker Oqtay Əsədov isə Ermənistandan sonra Avropa Şurası Nazirlər Kabinetinə Azərbaycanın rəhbərlik edəcəyini nəzərə çatdırıb: “Ancaq gənclər, ictimai-siyasi qüvvələr ikili standartlara münasibət bildirməlidirlər”.
Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli xatırladıb ki, Murtuz Ələsgərovun dövründə deputat qrupunun rəhbəri kimi Şimali Kiprə səfər edib: Mən Milli Məclisin Azərbaycan-Yunanıstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəriyəm. Şimali Kiprə səfərə görə 2 il Yunanıstan səfərliyi mənimlə danışmadı. Biz də bu məsələlərə sərt yanaşmalıyıq”.
Vitse-spiker Bahar Muradova avroparlamentarilərin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini sərt tənqid edib: “Belə çıxır ki, beynəlxalq hüquq erməni maraqlarının müdafiəçiləri üçün heç bir məna kəsb etmir. Həmin deputatlar üz tuturam: Sizin səfərinizdə məqsəd nədir? Siz Avropa Birliyinə daxil olan ölkələrdə sosial hüquqları pozulan insanların səslərini eşitməli, miqrantların maraqlarını qorumalı olduğunuz halda niyə bir qrup erməninin maraqlarının müdafiəsinə çevrilmisiniz? Bəlkə doğurdan da sizlər ermənilər tərəfindən alınmısınız, sizə ödənişlər verilib?! Bu barədə də müzakirələr açılmalıdır. Biz diplomatik çərçivələrdən çıxmamışıq, ancaq çərçivələri gözlədikcə üzərimizə gəlirlər. Hansı tondan, ifadədən istifadə edirlərsə, biz də o tonda və o ifadə ilə cavab verməliyik. Yüz minlərlə azərbaycanlı öz evlərinə dönə bilmirlər. Standartları gözləmək başımızda çatlayır. Mən əminəm ki, bu, davam edəcək. Qarşıdan prezident seçkiləri gəlir. Onlara söyləyirəm ki, Azərbaycana qarşı fəaliyyətdən əlinizi, dilinizi saxlayın. Bu, onların bioqrafiyası üçün qara ləkədir. Bütün vətəndaşlar, siyasi partiyalar, gənclər buna münasibət bildirməlidir”.
Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışı zamanı bildirib ki, avropalı deputatların atdığı bu addımları pisləyir. Modern.az xəbər verir ki, Q. Paşayeva təkliflə çıxış edib: “Dağlıq Qarabağa gedən avropalı deputatlar bu azmış kimi Avropa tribunasından Azərbaycan Xarici İşlər Nazirliyini ittiham edir. Artıq bu məsələlərlə bağlı ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, bütün cəmiyyət bu məsələlərə qoşulmalıdır. İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılmalıdır. Həmin ərazilərə səfər etmək, biznesə getmək, konsert vermək kimi əməllərə sərt reaksiya verilməlidir”.Milli məclisin deputatı Musa Qasımlı isə çıxışı zamanı Dağlıq Qarabağa səfər etmiş avropalı deputatların ölkəmizdə olduğu səfirliklərinin Xarici İşlər Nazirliyinə çağırılmasını təklif edib. O bildirib ki, Dağlıq Qarabağa səfər etmiş həmin deputatlar nə qədər Azərbaycanın mənafeyinə uyğun olmasa belə ölkəmizə dəvət olunmalı və həqiqətlər onlara çatdırılmalıdır.
“Seçki kampaniyasının müddəti
90 gün olmalıdır”
Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə parlamentin iclasında seçki kampaniyasının müddətinin artırılaraq 90 günə çatdırılmasını təklif edib.Deputat çıxışında həmçinin Milli Məclisi qaldırdığı məsələyə biganə qalmaqda ittiham edib.Millət vəkilinin sözlərinə görə, Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə çıxış etsə də, onun təkliflərinə baxılmayıb.
İ.Ağazadə həmçinin seçki kampaniyasının müddətinin artırılaraq 90 günə çatdırılmasının mühüm olduğunu vurğulayıb.
"İsəyirsiniz seçkini
DİN keçirsin?"
Milli Məclisin iclasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxışı zamanı müxalifəti tənqid edib. Deputat öz namizədliyini elan etmiş şəxslərin görüş keçirməsinə münasibət bildirib. Millət vəkili bildirib ki, bu cür görüşlərin keçirilməsinin hüquqi əsası yoxdur.
“Bu düzgün deyil. Mərkəzi Seçki Komissiyasının elan etdiyi gün və qeydiyyatdan sonra həmin şəxslər özlərini namizəd adlandıra bilərlər”.
Siyavuş Novruzov Müsavat Partiyasının rayonlarda keçirdiyi görüşlərə ironiya ilə yanaşıb.
“Müxalifət rayonlara gedərkən özü ilə böyük bir dəstə aparır. Bu isə vəziyyəti gərginləşdirir”.
YAP-çı deputat Müsavat Partiyasının Lənkəran səfərinə işarə edərək deyib: “30 nəfərlə görüşmək üçün rayonlara 400 adam aparmağa ehtiyac yoxdur. Elə həmin 30 nəfəri Bakıya dəvət edərək burda da görüşmək olar”.
Millət vəkili müxtəlif ölkələrdə seçkinin başqa qurumların keçirdiyini vurğulayaraq müxalifətə səslənib: “Fransada seçkiləri Daxili İşlər Nazirliyi həyata keçirir. İstəyirsiniz ki, Azərbaycanda da seçkiləri Daxili İşlər Nazirliyi keçirsin?”, – deyə o, ironik sual verib.
Bürokrat məmurlar
azadlıqdan
məhrum ediləcəklər
Milli Məclisdə Cinayət Məcəlləsinə və "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunlarda dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Cinayət Məcəlləsinə dəyişikliyə əsasən əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Mövcud maddədə isə ictimai işlər olaraq 230 saat nəzərdə tutulur. Əli Hüseynli bildirib ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişikliyə əsasən cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə ediləcəklər. Eyni zamanda cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.
Qanun layihələri qəbul edilib.
Seçki Məcəlləsi dəyişdi
Milli Məlisdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzaikrəyə çıxarılıb.
Dəyişikliyə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə Əmək Məcəlləsinə görə, iş günü hesab edilməyən bayram gününə düşərsə, səsvermə Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.
Layihəni təqdim edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dəyişiklik vətəndaşların istirahət hüququn tənzimlənməsinə xidmət edir.
Həmçinin Məcəlləyə əlavə edilən yeni 211.5 maddəsində deyilir ki, “Məcəllənin 211.4 maddəsinin tələbləri nəzərə alınmaqla keçirilən seçkilərdə seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır”.
Məcəllənin 243-cü maddəsinə edilən dəyişiklikdə isə bələdiyyələrə təkrar seçkilərin keçirilməsi üçün şərtlər açıqlanıb. Dəyişiklikdə göstərilir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunla bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyələrin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrar seçkilər keçirilir.
Millət vəkili Bəxtiyar Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təmas xəttindən işğal altındakı torpaqlara keçməli olduğunu, bunun qaçqın və məcburi köçkünlərin tələbi olduğunu bildirib: “Azərbaycana gəlib, təmas xəttini keçməli, sülh missiyası həyata keçirdiklərini nümayiş etdirməlidirlər. Biz bununla bağlı tələb qoymalıyıq. Əgər tərəflər arasında etimad mühiti yaratmaq istəyirlərsə, təmas xəttini qaçqın və məcburi köçkünlərin gözü qarşısında keçsinlər”.
Millət vəkili Zahid Oruc Almaniyada, Fransada baş nazirin 8-9 dəfə seçilə bildiyini xatırladıb: “Üçüncü dövrdə prezident seçilən insan daha böyük məsuliyyəti üzərinə götürür. Həm də bu, xalqın iradəsi altında olur. Parlament üsul-idarəsində də baş nazir hökuməti formalaşdırır. Fərq nədir?! Parlament üsul-idarəsinin fəsadlarını bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili və partiyası yaşayır. Xalqı da yaşayacaq”.
YAP icra katibi Əli Əhmədov Seçki Məcəlləsinə dəyişikliyin məntiqli olduğunu dilə gətirib. O, İqbal Ağazadənin Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı fikirlərinə də toxunub: “Seçki Məcəlləsi, seçki qanunvericiliyi hansısa partiyanın seçkidə qalib gəlməsinə xidmət edən amil deyil. Praktikada nəinki 4 ay, heç 3 ay seçki keçirən ölkə də tapmaq olmur. Seçicilərə platformasını çatdırmaq məntiqi əsas götürülsə, gərək Azərbaycandan əhalisi və ərazisi 10 dəfə çox olan ölkələrdə il boyu seçki olsun. Ona görə də Azərbaycanda 2 aylıq müddət optimal bir müddətdir. Zaman dəyişib, yeni texnologiyalar yaranıb, fikirləri cəmiyyətə çatdırmaq üçün müxtəlif yollar var. Digər tərəfdən, seçicilərlə görüş keçirmək üçün yerlər var. İqbal Ağazadə o yerlərdən istifadə edibmi? Qanunda yerlər müəyyənləşdirilib və heç kəs bunu əngəlləmək hüqüquna malik deyil. YAP-a gəlincə, mövsümü olaraq yox, il ərzində üzvləri ilə görüşlər keçirir. İqbal Ağazadənin nəzərinə çatdırıram ki, YAP-ın üzvləri 600 nəfər yox, 600 min nəfərdir. Biz üzvlərimizlə görüşlər keçirir və qarşıdan gələn seçkiləri müzakirə edirik”.
Sonda Seçki Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edilib.
Hüseyn Isgəndərov
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17